Alibaba.com saytında “Made in Azerbaijan” brendi ilə 300-dən artıq məhsul nümayiş olunur

Dünyanın ən məşhur elektron satış portalı Alibaba, Azexport portalının fəaliyyətini uğur hekayəti kimi qəbul edərək, bu haqda öz rəsmi səhifəsində məqalə paylaşıb. Azərbaycandan ilk olaraq, Azexport portalının fəaliyyəti əməkdaşlıq nümunəsi kimi təqdim edilib.

Qeyd olunub ki, Azexport portalı məhz Alibaba vasitəsi ilə Azərbaycan məhsullarını bütün dünyaya nümayiş etdirmək şansı əldə edib. Hazırda Alibaba.com saytında “Made in Azerbaijan” brendi ilə tanınan 300-dən artıq məhsul nümayiş olunur.

Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova Trend-ə bildirib ki, Alibabanın uğur hekayəti olması Azexportun 1 yaşının tamam olmasında gözəl bir hədiyyə oldu.

Z.Talıbovanın sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində Alibaba.com portalında Azexport tərəfindən təqdim olunan Azərbaycan mallarına dünyanın müxtəlif ölkələrindən 150 mindən çox müştəri tərəfindən baxış olub.

Qeyd edək ki, Azexport portalı 1 il öncə Prezident İlham Əliyevin sərəncamı əsasında Azərbaycan mənşəli malların “Made in Azerbaijan” (Azərbaycan məhsulu) brendi kimi xarici bazarlarda təmsil olunmasını təmin etmək üçün yaradılıb. 2016-cı ilin ən önəmli yeniliklərindən hesab olunan Azexport portalı etibarlı ödəniş sistemləri və nəqliyyat-logistika şirkətləri ilə əməkdaşlıq edərək istifadəçilərin tam məmnunluğunu təmin edir. Həmçinin məhsulların daha geniş kütləyə çatdırılması məqsədi ilə portal Alibaba ilə yanaşı, həm də All.biz, TradeKey, Amazon, Agroserver kimi dünyanın populyar elektron satış şəbəkələrinə inteqrasiya olunub. Azexport Alibaba.com portalının qızıl üzvüdür.

Uğur hekayəsi ilə bağlı məlumatı bu link vasitəsi ilə əldə edə bilərsiniz: https://news.alibaba.com/article/detail/apac-member-success-story-apac-success-story-seller-success-story-azerbaijan-success-story-manufacture-gold-supplier/101030192-1-alibaba-helps-us-promote-azerbaijani.html