Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən “Kitab qatarı” layihəsi çərçivəsində növbəti tədbir rayonun Kakalos kəndində təşkil olunub.
Astarainfo.az xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov layihə barədə iştirakçılara məlumat verib.
“Kitab qatarı” layihəsi çərçivəsində artıq dördüncü tədbirin
keçirildiyini vurğulayan Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov kitabxanalar vasitəsilə müxtəlif informasiya daşıyıcılarının sistemli formada toplanıb mühafizə edildiyini, onların ödənişsiz ictimai istifadəsinin təşkil olunduğunu, kitabxanaların xalqın tarixini, milli yaddaşını, mədəniyyətini, milli və intellektual sərvətlərimizi qoruyub saxlayaraq nəsillərdən-nəsillərə ötürdüyünü bildirib.
Mərasimdə filologiya üzrə fəlsəfə doktoru, şair Mehman Qaraxanoğlu, şair İlham İlhami, Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı Afaq Ramazanova, “Əvəsor” folklor xalq kollektivinin rəhbəri, Fəxri Mədəniyyət İşçisi Fərbiyyə Şabanova, “Astara” qəzetinin əməkdaşı Gülnar Əsədli, Kakalos kənd kitabxana filialının müdiri Humayə Məmmədova və başqaları çıxış ediblər.
Çıxışlarda ölkəmizdə gənclərin tərbiyəsində, təhsilində, dünyagörüşünün, vətəndaşlıq hissinin formalaşmasında, mənəviyyatın, milli ənənələrin qorunub saxlanmasında kitabxanaların rolunun getdikcə artdığı diqqətə çatdırılıb.
Layihə çərçivəsində “Tarixi yaradan şəxsiyyət”, “Mənim əziz Vətənim”, “Astara yazarları”, “Azərbaycan – dünyam mənim”, “Bunları bilmək maraqlıdır”, “Azərbaycan – doğma diyar”, “Vətən tоrpaqları bizi gözləyir”, “Təbiətimiz uşaqların gözü ilə” və sair başlıqlar altında 1000-ə yaxın kitab sərgilənib.
“Əvəsor” folklor xalq kollektivinin və Nadirə Rövşənqızının rəhbərliyi ilə “Qönçələr” uşaq rəqs kollektivinin hazırladığı rəqslər tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Şair Mehman Qaraxanoğlu “Kitab qatarı” layihəsinə öz kitablarını hədiyyə edib.
Layihə çərçivəsində kənddə keçirilmiş meydan tədbirində fəal iştirak edənlərə Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəxri fərmanları verilib.