Uşaqların və yeniyetmələrin bu içkiləri qəbul etməsi qəti qadağandır.
Axar.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev son günlər millət vəkili Ağacan Əbiyevin açıqlamasından sonra enerji içkiləri ilə bağlı müzakirələrə münasibət bildirərkən qeyd edib. Pediatr bildirib ki, bu içkilər heç də enerji artırmır:
“Energetik içkilərin tərkibində kofein, qlükoza, B qrup vitaminlər, taurin və s. inqrediyentlər var. Bu maddələr yalançı gümrahlıq yaradır, amma gündə 4-5 banka qəbul edənlər sonradan depressiya, yuxusuzluq, bəzən psixomotor oyanıqlıqla üzləşir. Bu içkilər deyildiyi kimi enerjini artırmır, əksinə, onların qəbulundan sonra orqanizm öz enerjisini “xərcləyir”, yəni bu içkilər orqanizmin enerjisini “sorur”. İzafi miqdarda qəbul edildikdə tərkibindəki vitaminlər əllərdə və ayaqlarda əsmə yaradır. Mütəmadi qəbul etdikdə asılılıq yaradır. İnsan artıq bu içkilərsiz qala bilmir”.
Pediatr qeyd edib ki, bəzi xəstəliyi olan insanların ümumiyyətlə bu içkiləri istifadə etməsi birmənalı olaraq düzgün sayılmır:
“Şəkər, ürək-damar xəstəlikləri, qan təzyiqi olan adamlar bu içkidən istifadə etməməlidir. Çünki bu içkilər qanda şəkəri artırır, qan təzyiqini yüksəldir, ürəkdöyünmə yaradır”.