Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Dünya Bankının İş Yerlərinin Diaqnostikası Missiyası üzrə nümayəndə heyəti ilə görüş olub.
ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd ölkəmizdə məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılması, bu sahədə həyata keçirilən tədbirlər, qarşıda duran əsas hədəflər barədə təhlillərin aparılması, Dünya Bankının iş yerlərinin diaqnostikası üzrə yanaşmaları haqqında məlumatların verilməsi, birgə fəaliyyət yollarının müzakirə olunmasıdır.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edildiyini, iqtisadiyyatın sosialyönümlü inkişafında məşğulluq amilinin ön planda saxlandığını vurğulayıb: “Ölkədə əhalinin sabit artım tempinə uyğun olaraq əmək resurslarının səmərəli məşğulluğuna yönəlik kompleks stimullaşdırıcı tədbirlər getdikcə gücləndirilir. Son on ildə respublikada qeyri-neft sektorunun 2,6 dəfə artaraq milli iqtisadiyyatda payının 70 faizə çatması, özəl sektorun ÜDM-də xüsusi çəkisinin 80 faizi ötməsi, ölkənin regionlarının inkişafına yönələn ardıcıl dövlət proqramlarının icrası son on ildə 1,6 milyon iş yerinin açılmasına, Beynəlxalq Əmək Təşkilatının metodologiyası üzrə aparılmış hesablama ilə işsizliyin 5 faizə enməsinə səbəb olub”.
İnsan kapitalının inkişafına, o cümlədən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərdən bəhs edən S.Müslümov bu amilin təkcə əmək bazarına çıxış imkanlarının deyil, əmək məhsuldarlığının da artırılmasında vacib şərtlərdən olduğunu vurğulayıb. Nazir bildirib ki, “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də strateji hədəflərdən biri kimi insan kapitalının inkişafı müəyyən edilib. Həmin hədəfə nail olunmasında ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi kimi mühüm tədbirlər də yer alır.
S.Müslümov diqqətə çatdırıb ki, son illərdə Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı Layihəsi” əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi və əmək məhsuldarlığının artırılmasında əsas vasitələrdən biri olan peşə standartlarının hazırlanmasında mühüm önəm kəsb edib: “Həmin layihə çərçivəsində ƏƏSMN tərəfindən həm beynəlxalq, həm də milli əmək bazarının tələblərinə uyğun kompetensiyalar əsas götürülməklə təkmilləşdirilmiş, əksəriyyəti qeyri-neft sektorunu əhatə edən 350-dən artıq peşə standartı və 63 kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib. Bu standartların sayı gələcəkdə daha da artırılacaq”.
Əmək resurslarının rəqabət qabiliyyətinin artırılması yönündə ƏƏSMN tərəfindən aparılan işlərdən bəhs edən nazir bu işlərin davamı kimi, nazirliyin xətti ilə ötən il və cari ilin 8 ayında 6441 nəfərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edildiyini bildirib. S.Müslümov nazirliyin peşə hazırlığı sisteminin maddi-texniki bazasının gücləndirilməsi ilə bərabər, peşə hazırlığı və əlavə təhsil sistemi şəbəkəsinin daha da genişləndirilməsinin diqqətdə saxlandığını qeyd edib. Nazir hazırlanmış yeni uzunmüddətli Məşğulluq Strategiyası layihəsi barədə də məlumat verib, əmək resurslarının bacarıqlarının artırılmasının layihədə əsas prioritetlər sırasında olduğunu diqqətə çatdırıb.
Nümayəndə heyətinin rəhbəri Dino Leonardo Merotto, heyətin üzvləri – proqram rəhbəri Lire Ersado, baş iqtisadçı İqor Xeyfets və digərləri Azərbaycanda dövlət məşğulluq siyasətinin gücləndirilməsi, yeni iş yerlərinin daimi xarakter alması, məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının artırılması, işçi qüvvəsinin bilik və peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, əmək məhsuldarlığının stimullaşdırılması istiqamətində aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıblar. Onlar Dünya Bankının iş yerlərinin diaqnostikası ilə bağlı yanaşmaları barədə məlumat veriblər.
Görüşdə məşğulluq səviyyəsinin və əmək məhsuldarlığının yüksəldilməsi yönündə ölkəmizdə aparılan işlərə, bu sahədə qarşıda duran fəaliyyət istiqamətlərinə, Dünya Bankının iş yerlərinin diaqnostikası ilə bağlı yanaşmalarına, iş yerlərinin diaqnostikası ilə bağlı gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.