Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirlərini davam etdirir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Nazirlik 2017-2018-ci tədris ili üçün Gürcüstandakı Azərbaycandilli məktəblərə 11 adda 11 500 ədəd Azərbaycan dili və ədəbiyyatı kitablarını, eləcə də müəllimlər üçün metodik vəsait göndərib. Bu vəsaitlər sentyabrın 21-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəçiliyi ilə bu ölkənin Elm və Təhsil Nazirliyinə təhvil verilib və həmin dərsliklər Gürcüstanın Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycandilli məktəblərə paylanacaq.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin humanitar və mədəniyyət məsələri üzrə attaşesi Samitə Agayeva, Gürcüstanın Elm və Təhsil Nazirliyinin əməkdaşları-Qoorqi Qurqenidze, Nana Qilasonia iştirak ediblər.
Bildirilib ki, Azərbaycanın Təhsil Nazirliyi bu günədək Gürcüstandakı soydaşlarımıza 85 minə yaxın dərslik və metodik vəsait göndərib. Bu kitablar soydaşlarımızın Azərbaycanın dili, ədəbiyyatı, tarixi və mədəniyyəti haqqında biliklərinin artırılmasında mühüm rol oynayır.
Kitablar bir neçə günə məktəblər üzrə paylanacaq.
Səfir Dursun Həsənov jurnalistlərə müsahibəsində deyib ki, bu ənənənin təməli 1994-cü ildən qoyulub. Bu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Azərbaycanın dövlət başçısı bu ölkədə yaşayan soydaşlarımızı daim diqqətdə saxlayır. Yeni dərslikklərin sayının artması bunu bir daha sübut edir.