UEFA Millətlər Liqasının markasının vizual konsepsiyasını rəsmən təqdim edib

UEFA İcraiyyə Komitəsi 2018-2019-cu il mövsümündə ilk dəfə keçiriləcək Millətlər Liqasının reqlamentini, qaydalarının son versiyasını və loqosunu təsdiqləyib.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, turnirin ilk matçı gələn il sentyabrın 6-da keçiriləcək. Yarışda UEFA-ya üzv olan 55 assosiasiyanın hamısı təmsil olunacaq. Yığma komandalar 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindən sonra formalaşacaq reytinqə əsasən “A”, “B”, “C” və “D” liqalarına bölünəcək.

“A” və “B” liqalarının hər birində 12, “C” liqasında 15, “D” liqasında isə 16 komanda yer alacaq. Liqaların yekun tərkibi 2018-ci il dünya çempionatının seçmə mərhələsi yekunlaşdıqdan sonra – bu il noyabrın 15-də açıqlanacaq.

“A” və “B” liqaları hər birində üç komanda olmaqla dörd qrupa bölünəcək. “C” liqasında üç komandadan ibarət bir, dörd komandadan ibarət üç qrup olacaq. “D” liqasında isə hər biri dörd komandadan ibarət dörd qrup formalaşacaq.

Püşkatma proseduru hələlik təsdiqlənməyib. Ev və səfər oyunları 2018-ci ilin sentyabr, oktyabr və noyabr aylarında keçiriləcək.

“A” liqasındakı dörd qrupun qalibləri 2019-cu ilin iyununda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Burada yarımfinallar, üçüncü yer uğrunda oyun və final olacaq. Meydan sahiblərini 2018-ci ilin dekabrında UEFA-nın İcraiyyə Komitəsi iştirakçılar arasından müəyyənləşdirəcək. Millətlər Liqasında eniş və yüksəliş prinsipləri tətbiq olunacaq. “B”, “C” və “D” liqalarının qrup qalibləri səviyyə baxımından yüksəliş qazanacaqlar. “A”, “B” və “C” liqalarının qruplarında zəif nəticə göstərənlər isə aşağı liqaya düşəcəklər.

Avropa komandaları Millətlər Liqasında qələbə qazanmaq, yuxarı liqaya düşmək və ya öz yerlərini möhkəmləndirmək üçün mübarizə aparacaqlar.

Millətlər Liqasının qrup mərhələsinin püşk atması 2018-ci yanvarın 24-də keçiriləcək. Sonra isə turnirin kuboku təqdim olunacaq.

“Avro-2020”nin seçmə mərhələsi böyük dəyişikliklərə məruz qalmayacaq. Millətlər Liqasında 16 qrupun qalibləri 2020-ci il Avropa çempionatının seçmə mərhələsinə vəsiqə qazanmaq şansı əldə edəcəklər. Bu kollektivlər dörd qrupa bölünəcəklər. “Dördlər finalı”da isə “pley-off” xarakterli iki yarımfinal və bir final matçı keçiriləcək. Hər bir qrupdan qalib komanda qitə birinciliyinə vəsiqə qazanacaq.

Qrup qaliblərindən hansısa seçmə mərhələ vasitəsilə “Avro-2020”yə düşərsə, onun vəsiqəsi Millətlər Liqasının növbəti ən yaxşı komandasına nəsib olacaq. Seçmə mərhələdən vəsiqə əldə edən olarsa, vakant yerləri, reytinq nəzərə alınmaqla, aşağı divizion komandaları tutacaqlar.