Yevlaxda məktəbli partlamamış top mərmisi tapıb – FOTO

Yevlax rayonunda məktəbdən evə gələn şagird yolda partlamamış mərmi tapıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hərbi sursat hazırda işlək olmayan yun zavodunun həyətinin yaxınlığında aşkarlanıb. Məktəbli dərhal atası Qulu Quluyevə məlumat verib.

Q.Quluyev adiyyatı qurumları məlumatlandırıb.

Hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri baxış keçirib. Mütəxəssislər sakinlərin aşkarladığı yad cisimin 115 mm-lik top mərmisi olduğunu müəyyən ediblər. Hərbi sursat zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qeyd edək ki, ərazidə Ağdamdan məcburi köçkün olan 7 ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, mərmi tapılan ərazidə yüksək gərginlikli elektirik xəttləri keçdiyindən mərminin partlaması daha böyük təhlükəyə səbəb ola bilərdi.