“Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına

Sizi səmimi qəlbdən salamlayır və “Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın işə başlaması münasibətilə təbrik edirəm.

Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir. Qlobal və regional səviyyədə mövcud olan çətinliklərə, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, həyata keçirilmiş əsaslı islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanmışdır.

Bu inkişaf tempinin davam etdirilməsində dövlət idarəetmə sisteminin ən mühüm alətlərindən olan hesabatlılıq və şəffaflığın gücləndirilməsinin böyük əhəmiyyəti vardır. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf hədəflərinin müəyyənləşdirildiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” sənədində bu sahəyə xüsusi diqqət yetirilmiş və çoxsaylı tədbirlər müəyyən edilmişdir.

Ölkəmizdə maliyyə nəzarətinin, o cümlədən müstəqil auditin normativ hüquqi bazasının beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, bütövlükdə maliyyə və vergi intizamının möhkəmləndirilməsi maliyyə vəsaitlərindən istifadə olunmasında hesabatlılıq və şəffaflığın daha da artırılması üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan iştirakçısı olduğunuz konfransda iqtisadi inkişafın mühüm amili kimi şəffaflığın artırılması və hesabatlılığın beynəlxalq standartlar əsasında yüksək səviyyədə qurulması ilə bağlı məsələlərin müzakirəsi təqdirəlayiqdir.

İnanıram ki, konfrans çərçivəsində aparılacaq müzakirə və təhlillər ölkəmizdə hesabatlılığın və auditin gələcək inkişafı kontekstində faydalı olacaq, iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində, korrupsiyaya qarşı mübarizədə dövlət və qeyri-dövlət nəzarətinin, müstəqil auditin rolunun daha da artırılmasına töhfə verəcək, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradacaqdır.

Konfransın işinə uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 sentyabr 2017-ci il.