XİN: Nalbandyandan fərqli olaraq, Elmar Məmmədyarov həmsədrlərlə danışıqlar masasında olan təkliflər əsasında danışıqlar aparacaq

BMT Baş assambleyasının 72-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sentyabrın 22-də ATƏT-in Minsk qrupunun həmsədrləri, 23 sentyabrda isə həmsədrlərin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.

Bu barədə Trend-ə E.Nalbadyanın açıqlaması il əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq sözügedən görüşlərdə guya prezidentlərin mümkün görüşü və Minsk qrupunun həmsədrlərinin regiona səfəri kimi yalnız protokol xarakterli məsələlərin müzakirə ediləcəyini iddia edir:

“Bu əsassız iddiası ilə Nalbandyan yenə də özünü gülünc vəziyyətinə qoyur və həmsədrləri “ciddi danışıqlar imkanı olmayan” “turist” və ya yalnız “tədbir təşkilatçısı” kimi təqdim etməyə çalışır. Gərgin iş qrafikində həmsədrlərin ABŞ-a gələrək bu görüşləri təşkil etməkdə məqsədləri protokol və texniki məsələlər deyil. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqland tərəfindən münaqişənin həlli planı və prinsipləri geniş ictimaiyyətə açılıb. İndi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın timsalında əlacsız şəkildə bundan qaçmağa çalışır”.

H.Hacıyev qeyd edib ki, E.Nalbandyandan fərqli olaraq, Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov həmsədrlərlə hazırda danışıqlar masasında olan və artıq hər kəsə bəlli olan təkliflər əsasında ciddi və substantiv danışıqlar aparacaq.