Uşaqları infeksion xəstəliklərdən qorumağın 7 sadə yolu – Tövsiyyələr – FOTOLAR

Mövsümlə əlaqədar havaların  ani dəyişməsi infeksion xəstəliklərin yayılmasına yol açır.  Dərs ilinin başlanması ilə infeksiyanın yayılması da sürətlənir. Bir tərəfdən havaların soyuması, digər tərəfdən də insanların kütləvi olduğu məkanların sayının artması xəstəliyə daha tez yaxalanmağımıza səbəb olur.

Uşaqların immuniteti zəif olduğundan infeksion xəstəliklərə daha çox tutulurlar. Tənəffüs yolları xəstəlikləri, ishal, qızdırma uşaqların kabusuna çevrilir.

Acıbadem Universiteti Atakent Xəstəxanasının uşaq infeksion xəstəlikləri üzrə professoru Dr.Metehan Özen uşaqları fəsillə əlaqədar yayılan infeksiyalardan qorumağın yollarından danışıb.

Həkimin sözlərinə görə ev şəraitində qatıq, kefir kimi probiotiklər bağırsaqlarda yaranan  zərərli mikroorqanizmləri zərərsizləşdirir və orqanizmdən atır.  İnfeksion xəstəliklərdən qorunmaq üçün isə mütləq şəkildə valideynlər müəyyən məsələlərə diqqət etməlidirlər.

  İnfeksion xəstəliklərdən qorunmağın 7 qısa yolu:

Nizamlı yuxuya fikir verin

Həkimlərin araşdırmalarına görə,  nizamlı və keyfiyyətli yuxu immunitetin güclənməsinə kömək edir və bu şərt uşaqlar üçün daha çox keçərlidir.  Gecələri gec yatan uşaqlarda xəstəliklərə yaxalanma ehtimalı daha çoxdur.  Uşaqlara yatmazdan öncə onların yuxusunu qaçırdan tablet və planşetlərdən uzaq tutun. Otaqda işığın olmamasına diqqət edin. Çünki qaranlıqda insan beyni daha yaxşı dincəlir. Üstəlik qaranlıq otaqda yatan uşaqlarda boy uzama sürətlənir.

Əl yuma vərdişi formalaşdırın

Uşaqda  əl yuma vərdişinin formalaşması infeksion xəstəliklərlə mübarizədə ən sadə üsullardan biridir. Uşağa gün ərzində əllərini üzə, ağız çevrəsinə və gözlərinə sürtməməsi,  xüsusilə tualetdən sonra və yeməkdən qabaq mütləq şəkildə əllərini yumağı öyrədin. Su və sabunun olmadığı yerlərdə istifadə üçün çantalarına əl üçün dezinfeksiya edici  salfetlər və maye qoyun.

Qidalanmasına ciddi fikir verin.

Uşaqların ev yeməkləri ilə nizamlı bəslənməsi, yaşa uyğun və nizamlı olaraq protein,  vitamin və mineral ehtiyaclarının qarşılanması infeksiya qarşısında tab gətirməyə kömək edir.  Portağal, kivi kimi meyvələr və yaşıl yarpaqlı tərəvəzlərdə bol miqdarda A və C vitaminləri vardır. Qan azlığından əziyyət çəkən uşaqlarda infeksion xəstəliklərə tez-tez rast gəlinir. Həmin uşaqlar tərəvəz, ət və paxlalılarla zəngin qida qəbul etməlidirlər. Əlüstü yeməklər, şəkərli, paketli qidalardan uzaq durmalıdırlar.

Həftədə iki dəfə balıq yedizdirin

Payız fəsli dəniz məhsullarının bol olması ilə seçilir.  Balığın tərkibində olan omeqa 3 xəstəlik törədən bakteriyaların orqanizmdən uzaq durmasına səbəb olur.  Balıqdan əlavə badam, qoz və tam taxıllı sinklə zəngin qidalar infeksiya riskini azaldır.

Qatıq və kefirdən çox istifadə edin

Ev şəraitində hazırlanan qatıq və kefir kimi probiotiklər  bağırsaqlardakı zərərli mikroorqanizmlərlə mübarizə aparır və vücudu təmizləyir.

Otağın havasını tez-tez dəyişin

Uşaqları soyuq havadan çox insanların kütləvi  olduğu məkanlar xəstələndirir.  Qapalı məkanlarda mikroblar sürətlə çoxalır. Ona görə də uşaqların olduğu məkanlarda havalandırmaya diqqət etmək lazımdır.

Peyvəndləri vurdurun

Professor,  Dr. Metehan Özenin sözlərinə görə, uşaqlara mütləq  aktual olan peyvəndlər vurulmalıdır. Həkimin göstərişi ilə peyvəndlərin vurulması uşaqları ölümcül və infeksiyon xəstəliklərdən qoruyur.

Vüsalə Əlövsətqızı, A24.Az