Azərbaycan milli komandası dörddəbir finala yüksəlib

Bakıda Milli Gimnastika arenasında Avropa çempionatının final mərhələsi çərçivəsində “A” qrupunda Azərbaycan-Almaniya görüşü keçirilib. Astarainfo.az xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan milli komandasının üçüncü oyununu da  Milli Gimnastika arenasında izləyib. Faiq Qarayevin yetirmələri qrup mərhələsinin son oyununda Almaniya yığması ilə qarşılaşıb.

Bakıdakı Milli Gimnastika arenasında təşkil olunan görüşün ilk setini Almaniya qazansa da, qadın valeybolçularımız sonrakı setlərdə rəqibə imkan verməyib.

Oyun Azərbaycan milli komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Azərbaycan millisi qrup mərhələsini 9 xalla birinci pillədə yekunlaşdıraraq Avropa çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Polşa 5 xalla 2-ci, Almaniya isə 4 xalla 3-cü yeri tutub.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin “A” və “C” qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, “B” qrupu – Tbilisidə Yeni İdman Sarayında, “D” qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

 

Yarışda 16 komanda – “A” qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, “B” qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, “C” qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, “D” qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.