Lənkəranda polis şöbəsinə başçəkmə həyata keçirilib

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı MSY-nin kameralarına baxış keçirilib, qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları və digər hüquqlarının təminatı vəziyyəti, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədləşmə öyrənilib.

Rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində saxlanılan şəxslər fərdi qaydada qəbul edilib və dinlənilib.

Qəbul edilmiş şəxslərin barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hər birinə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah olunub, Ombudsmana ünvanlanmış müraciətləri dinlənilib, bəzi müraciətlər yerində təmin edilib.

Başçəkmənin yekunu Şəhər-Rayon Polis Şöbəsinin rəhbərliyi ilə müzakirə olunub. MSY-nin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.