Havaların dəyişməsi ilə bu əlamətlər yaranırsa, həkimə müraciət edin

İsti yay günlərindən sonra payızın gəlişi soyuq hava ilə müşayiət olunur. Sözsüz ki, iqlim dəyişməsi orqanizmə də öz təsirini göstərir. Və bəzi hallarda orqanizm mənfi təsirlərə məruz qalır. Soyuq havanın orqanizmə mənfi təsiri, bədənin soyuğa fərqli reaksiyası konkret hansısa xəstəlikdən xəbər verir? Hansı əlamətlər müşahidə olunduqda həkimə müraciət etməyə tələsmək lazımdır?

1. Soyuq havanın təsirindən nəfəs tutulursa, nəfəsalma çətinləşirsə, bunun səbəblərindən biri bronxların iltihabı ola bilər. Bunun üçün tənəffüs orqanlarının müayinəsi vacibdir.
Astarainfo.az modern.az-a istinadən bildirir ki, ikinci səbəb ürəyin işemik xəstəliyi ilə bağlıdır. Soyuq hava nəticəsində nəfəs darlığı stenokardiyanın ilkin əlamətlərindəndir. Bu daha çox 45-55 yaşlarında olan kişilərdə müşahidə olunur. Əgər bu əlamətlə yanaşı, zəiflik, üzün solğunlaşması, dodaqların göyümtül rəngə çalması da müşahidə olunursa, vaxt itirmədən kardioloqa müraciət etmək lazımdır.

2. Əgər soyuq havadan başgişəllənmə baş verirsə, bu daha çox baş beyin damarlarının spazmalarının əlamətidir. Bu aterosklerozun başlanmasından xəbər verir.
Soyuqdan başgicəllənmənin daha bir səbəbi soyuğa qarşı allergik reaksiya da ola bilər. Hər iki halda orqanizmdə olan problemin dərinləşməməsi üçün həkim məsləhəti almaq lazımdır.

3. Soyuq hava nəticəsində dəri quruyursa, xüsusilə əllərdə və dodaqlarda kiçik çatlar yaranırsa, bu onu göstərir ki, orqanizm yağı həll edən vitaminləri, xüsusilə E vitaminini lazımınca mənimsəmir. Bu, adətən, həzm sistemində problemlər olduğu zaman baş verir. O cümlədən, qaraciyərin fəaliyyətində də problemlər olduqda belə vəziyyətin yaranması mümkündür. Mövcud problemin həlli üçün həkim müdaxiləsi vacibdir.

4. Soyuq havada dirsəklərdə kobud dəri səthinin yaranması immunitetin aşağı düşməsinin, A və B qrup vitaminlərin çatışmazlığının əlamətidir. Bu problemi aradan qaldırmaq üçün qida rasionuna vitaminlərlə zəngin qidaları daxil etmək lazımdır.

5. Soyuq havada geyiminizin isti olmasından asılı olmayaraq üşüyürsünüzsə, əlləriniz soyuqdusa, qalxanabənzər vəzin fəaliyyətini yoxlamaq lazımdır. Qalxanabənzər vəzin hormon ifrazında problem varsa, bu orqanizmin temperatur mübadiləsinə mənfi təsir göstərir.
Hər bir havada sağlamlığınızın qayğısına qalın. Unutmayın ki, insanın ovqatı, xoş əhvalı havadan deyil, sağlamlıqdan asılıdır.