Lütfi Zadənin nəşi ABŞ-dan Bakıya yola salındı

Sentyabrın 6-da San-Fransiskoda vəfat etmiş dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəsiyyətinə əsasən Vətəni Azərbaycanda dəfn ediləcək.

 Astarainfo.az-ın məlumatına görə, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, Lütfi Zadənin nəşi sentyabrın 26-da axşam San-Fransiskodan Bakıya göndərilib. Gözlənildiyinə görə mərhumun cənazəsi sentyabrın 29-da Bakıya çatdırılacaq.

Lütfi Zadənin nəşi öncə Heydər Məscidinə aparılacaq, orada cənazə namazı qılınacaq. Daha sonra saat Milli Elmlər Akademiyasında Lütfi Zadə ilə vida mərasimi keçiriləcək.

Mərhum I Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin banisi Lütfi Zadə XX əsrin görkəmli alimlərindən biridir. L.Zadənin hesablama sistemləri və elektron mühəndisliyi sahəsində işləri, həmçinin “qeyri-səlis məntiq” nəzəriyyələri dünya akademik dairələrində və sənaye sahəsində geniş yayılıb. Zadə iqtisadiyyat, linqvistika, təbabətdən başlamış məişətdə işlədilən kondisionerlər və tozsoranlar kimi alətlərin istehsalına qədər bir sıra sahələrin inkişafına çox böyük töhfələr verib.

Lütfi Əsgərzadə (Zadə) 1921-ci il fevralın 4-də Bakıda anadan olub. Əslən İran Azərbaycanından olan atası jurnalist, Rusiyada yəhudi ailəsində doğulmuş anası isə həkim olub. Lütfinin 10 yaşı olanda Əsgərzadələr ailəsi o vaxt Sovet İttifaqının tərkib hissəsi olan Azərbaycandan Tehrana köçüb gedib. Lütfi Tehranda milyoner övladlarının təhsil aldığı “Amerika kolleci”nə daxil olub. 1942-ci ildə Tehran Universitetini bitirərək elektrik mühəndisliyi ixtisası almış Lütfi Zadə təhsilini davam etdirmək üçün Masaçusets Texnoloji İnstitutunun magistraturasına və daha sonra Nyu-Yorkda, Kolumbiya Universitetinin aspiranturasına daxil olub.

Elmi araşdırmalarını Nyu-Cersi ştatının Prinston şəhərindəki Perspektivli Araşdırmalar İnstitutunda, sonra isə Berklidə Kaliforniya Universitetində davam etdirən Lütfi Zadə 1959-cu ildən ömrünün sonuna qədər həmin universitetdə işləyib. Lütfi Zadə Tehranda yaşadığı dövrdə tanış olduğu xanım Fey ilə ailə qurub. Onların iki övladı var idi: Norman və Stella. İxtisasca babası kimi jurnalist olan Stella 2006-cı ildə, Fey Zadə isə 2017-ci ilin yanvarında dünyasını dəyişib.

Lütfi Zadə elmi araşdırmalar sahəsində nailiyyətlərini hələ 1960-cı illərdə nümayiş etdirməyə başlamışdı. “Qeyri-səlis məntiq” ideyası 1964-cü ilin iyulunda yaranıb. O vaxt Lütfi Zadə hələ Nyu-Yorkda yaşayırdı. Azərbaycanlı alimin bu nəzəriyyəsi haqda məlumat ilk dəfə 1965-ci ilin yayında “İnformasiya və idarəetmə” jurnalında dərc edilib. Bu materialda “Qeyri-səlis məntiq”in mahiyyəti oxuculara sadə dildə təqdim edilir. Məsələn, orada deyilirdi ki, itlər, atlar, quşlar heyvanlar sinfinə daxildir və aşkardır ki, daş, maye, bitki kimi obyektlər bu sinfə aid deyil, lakin dəniz ulduzları, bakteriyalar və bu qəbildən olan başqa obyektlər heyvanlar sinfinə münasibətdə qeyri-müəyyən statusa malikdirlər. 1 ədədindən böyük olan bütün həqiqi ədədlər sinfində də buna oxşar qeyri-müəyyənlik yaranır. Bu cür qeyri-səlis “siniflər” insanın təfəkküründə, xüsusən obrazların tanınması, informasiya mübadiləsi və abstraksiya sahələrində mühüm rol oynayır.

Sonrakı illərdə oyunlar nəzəriyyəsi, cəbr, həndəsə, xətti proqramlaşdırma, statistika və topologiya sahələrində qeyri-səlis məntiq üçün riyazi tətbiqlərin geniş sinfi yaranıb. Ötən əsrin səksəninci illərində mühəndislər Yaponiyanın Senday şəhərində yeni metronun dizaynında Lütfi Zadənin qeyri-səlis məntiqini tətbiq ediblər. Onlar Yaponiya dəmir yollar sisteminin əsas dayanacaqlarının proqramlaşdırılması üçün bu nəzəriyyənin xüsusiyyətlərindən istifadə ediblər. Sonrakı dövrdə Lütfi Zadənin kəşfləri elektron istehlak malları, paltaryuyan və quruducu maşınlar, avtomobillərin və digər nəqliyyat vasitələrinin sürət qutuları, sürüşməyə qarşı əyləc sistemləri, kondisionerlər və termostatlar, düyü bişirmək üçün sobalar, tozsoran maşınlar və pilotsuz helikopterlər istehsalı sektorunda tətbiq edilib.

Lütfi Zadənin nəzəriyyəsi bütün dünyada insan fəaliyyətinin ən mühüm sahələrinə yol açıb. Azərbaycan aliminin işləri akademik dairələrdə xüsusi yer tutur. Lütfi Zadənin “İnformasiya və idarəetmə” jurnalında dərc olunmuş ilk məqaləsinə 1965-ci ildən bu günə qədər doxsan üç min akademik nəşrdə istinad edilib.

Professor Zadənin xidmətlərinin etirafı əlaməti olaraq, o, texniki nailiyyətlərə görə 50-dən çox mükafata və təltifə layiq görülüb. Azərbaycan alimi dünya elminə son dərəcə qiymətli töhfələr verib. Texnologiya və elm sahəsində nailiyyətlər davam etdikcə Lütfi Zadənin adı da əbədi yaşayacaq.