“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat Donanmasına məxsus “Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər tam uğurla başa çatdırılıb. Gəmi dəniz sınağından da uğurla çıxıb.
Tankerin gövdəsi, elektrik, radio və naviqasiya avadanlıqları, bütün maşın və mexanizmlər, baş və köməkçi mühərriklər, boru sistemləri əsaslı təmir olunub. Gəminin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib.
Tərsanə təmiri zamanı gəminin sualtı hissəsi, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri də təmir olunub.
Məlumat üçün bildirilir ki, “Nəriman Nərimanov” tankerinin uzunluğu 125.06, eni 16.63 metr, maksimal sürəti 11.3 uzeldir. Onun yükgötürmə qabiliyyəti 4987 ton təşkil edir.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni gəmilər hesabına donanmanın daha da gücləndirilməsi planlaşdırılır.