Səkkiz ayda “Azneft” 4,1 milyon ton neft və 3,43 milyard kubmetr qaz hasil edib

“Azneft” İstehsalat Birliyində bu ilin səkkiz ayı ərzində 4,1 milyon ton neft və 3,43 milyard kubmetr qaz hasil olunub.

Astarainfo.az  AZƏRTAC-a istinadən xəbər verir ki, ötən səkkiz ay ərzində “Azneft”in bütün idarə və struktur birləşmələrində yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri üzrə kompleks tədbirlər görülüb. Hesabat dövründə “Azneft” İstehsalat Birliyi üzrə 4 milyon 113,9 min ton neft, 3,43 milyard kubmetr qaz hasil edilib.

Yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk səkkiz ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 49 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 71 min ton neft hasil olunub.

Ötən səkkiz ayda fəaliyyətsiz quyu fondundan 49 quyu nəzərdə tutulduğu halda 69 quyu istismara qaytarılıb. Bu quyulardan 33,4 min ton neft alınıb.

İlin əvvəlindən 422 geoloji tədbir keçirilib, nəticədə 175,5 min ton neft hasil edilib ki, bu da plana qarşı 40 tədbir çox və 64,4 min ton çox neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 29,1 min ton plana qarşı 36 min ton neft hasil edilib.