Sertifikatlaşdırma üçün elektron müraciət qaydası sadələşdirilib

Sertifikatlaşdırma üçün elektron müraciət qaydası sadələşdirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətlərindən biri də telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasıdır.

Bu xidmət telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatı verilməsi üçün müraciətlərə baxılması, tələb olunan sənədlərin qəbul edilməsi və telekommunikasiya vasitələri və qurğularının qarşılıqlı telekommunikasiya şəbəkəsinə (QTŞ) uyğunluğu barədə sertifikatın verilməsinə dair xidmətlərin göstərilməsindən ibarətdir.

Qeyd olunan xidmətdən istifadəni bir qədər də asanlaşdırmaq məqsədilə sertifikatlaşdırma xidmətinə sorğu prosesi tam olaraq elektronlaşdırılıb və “Elektron hökumət” portalında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün nəzərdə tutulmuş elektron müraciət xidməti yenilənərək istifadəyə verilib. Bunun nəticəsində artıq telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına fiziki qaydada müraciət etmədən, vaxt itkisinə məruz qalmadan, hətta “Elektron hökumət” portalında qeydiyyatdan keçmədən portalın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus bölməsindəki elektron xidmətlər siyahısından “Telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi” xidmətinə daxil olaraq sertifikatlaşdırılma xidmətinə müraciət etmək mümkündür. Elektron xidmətin yenilənmiş formasında tələb olunan sənədlər azaldılıb və xidmətdən istifadə daha da sadələşdirilib.

“Elektron hökumət” portalında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün nəzərdə tutulan elektron müraciət xidməti ilə bağlı məlumatı “AzInTelecom” MMC-nin Sertifikatlaşma Departamentinin müştərilərlə əlaqələr şöbəsindən (Tel: (012) 498 18 61 (daxili 2170), (012) 200 01 70, e-mail: certificate@azintelecom.az) almaq olar.

Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına elektron müraciət üçün https://www.e-gov.az/az/services/read/2888/0  linkindən istifadə etmək mümkündür.