“Qarabağ” komandası qarşılaşmanın ikinci hissəsində daha yaxşı oyun nümayiş etdirsə də, hesab dəyişməyib.
Beləliklə, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”–“Roma” oyunu italiyalıların minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:2.
20:30
Matçın 28-ci dəqiqəsində “Qarabağ” komandası hesab arasındakı fərqi azaldıb. Dino Ndlovu pressinq nəticəsində rəqib müdafiəçidən topu alaraq Pedro Enrikəyə ötürmə edib. Gözəl ötürmədən sonra qapıçı ilə təkbətək qalan Pedro Enrike dəqiq zərbə ilə “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu qapıdan keçirib – 1:2.
20:16
Matçın 15-ci dəqiqəsində “Roma” komandası hesab arasındakı fərqi artırıb. El Şaravinin ötürməsindən sonra Edin Dzeko topu sinəsi ilə saxlayaraq vurduğu dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.
20:07
Matçın 7-ci dəqiqəsində “Roma” futbolçuları künc zərbəsindən sonra hesabı açıblar. Lorenzo Pelleqrininin ötürməsindən sonra “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin səhvindən istifadə edən Kostas Manolas topu başla qapıdan keçirib – 0:1.
20:00
Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası İtaliyanın “Roma” klubu ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov yer alıblar.
“Roma”nın heyətində isə meydana Alison Beker, Raca Naynqolan, Juan Jesus, Lorenzo Pelleqrini, Edin Dzeko, Aleksandr Kolarov, Maksim Qonalons, Qriqori Defrel, Bruno Peres, Kostas Manolas, Stefan El Şaravi çıxıblar.
Görüşü portuqaliyalı baş hakim Artur Dias idarə edir. Ona həmyerliləri Rui Tavares və Paulo Soares kömək edirlər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirir. Matçın hakim-inspektoru israilli Haim Yakov, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdir.
Bu oyun Azərbaycan futbolu tarixində ən çox biletin satıldığı qarşılaşmadır. Oyunla əlaqədar 67 mindən çox bilet satılıb.
“C” qrupunun digər oyununda “Atletiko Madrid” klubu doğma meydanda “Çelsi” komandasını qəbul edəcək. Həmin matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Çelsi” ilə qarşılaşıb. Həmin görüş 0:6 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatıb. “Roma” isə doğma meydanda “Atletiko Madrid” ilə heç-heçə edib – 0:0.