Bu ilin yay mövsümündə Avstriya dağlarında 126 nəfər həlak olub
Bu il mayın 1-dən sentyabrın 17-dək Avstriya dağlarında baş vermiş qəzalar nəticəsində 126 nəfər həyatını itirib. Həlak olanların əksəriyyəti ekstremal dağ idmanı ilə məşğul olan şəxslərdir. Ümumilikdə qəza keçirənlərin sayı 1832 nəfər olub və bu da ötən ilin göstəricilərindən 11 faiz aşağıdır (2059 nəfər).
AZƏRTAC xəbər verir ki, ölüm hallarının daha çox baş verdiyi Tirol əyalətinin Alpin polis idarəsindən qəzaların baş verməsində günahın ilk növbədə turistlərin öz üzərinə düşdüyü bildirilib. Alpinin polis rəisi Norbert Tsobl qeyd edib ki, yanlış geyim və ləvazimatlarla yola çıxan turistlərin əksəriyyəti “yanlış məkanlarda hərəkət edən yanlış insanlardır”. Kifayət qədər təcrübəsi olmayan, hava şəraitinə məhəl qoymayan və peşəkar bələdçilərsiz təkbaşına və ya kiçik qruplar halında macəra axtaran həvəskar idmançılar çox zaman öz həyatlarını təhlükəyə atmaqla yanaşı, onları xilas etməyə çalışan Alpin polis və xilasedicilərə də çətin anlar yaşadırlar.
Dağlarda baş verən qəzalarda həlak olan turistlərin 46 faizini Avstriya vətəndaşları, 37 faizini isə Almaniya vətəndaşları təşkil edir.