Bal yarmarkasında yeniliklər – Nazirlik keyfiyyətsiz balları belə aşkarlayacaq

Oktyabrın 10-da bakıda növbəti bal sərgi-satış yarmarkası təşkil olunacaq. Kənd Təsərrüfatı Nazirliyi yarmarkaya çıxarılan balların keyfiyyətinə zəmanət verir. Ona görə də satışa çıxarılan ballar laboratoriya şəraitində yoxlanılır. Bu gün əməkdaşlarımız balların yoxlanıldığı laboratoriyada olublar. Indi prosesin detallarını sizə təqdim edirik.

Astarainfo.az xezerxeber.az-a istinadən bildirir ki, bal laboratoriyaya gətirilir, 6 mərhələləli analiz prosesindən keçirilir, tərkibində kənar qatqıların olub-olmadığı müəyyən edilir. Bal yarmarkasında əhaliyə təqdim olunacaq məhsullar öncə belə yoxlanılır.
Burada əsas məqsəd keyfiyyətsiz balın yarmarkalarda satışa çıxarılmasının qarşısını almaqdır. Məlumata görə, bu günə kimi yarmarkada iştirak üçün arıçıların təqdim etdiyi balın 20 faizi keyfiyyət standartlarına cavab vermir.

Laboratoriyaya daxil olan bal nümunələri isə kod altında olur. Bununla da yoxlama zamanı məhsulun haradan gətirildiyi və kimə məxsus olduğu məxfi qalır.
Balın əsas göstəricisi diastaza ədədidir ki, əgər bu, normadan aşağıdırsa və ya ümumiyyətlə yoxdursa, deməli məhsul keyfiyyətsizdir. Bununla yanaşı, bəzi işbazlar xarab olmuş və xarlanmış balı müxtəlif yollarla bazara çıxarmağa çalışırlar.
Yoxlamadan keçmiş balın keyfiyyəti ilə bağlı şübhəyə düşən müştərilər üçün yarmarkada təkrar yoxlama da təşkil ediləcək.

Bal yarmarkasında iştirak etmək üçün 324 arıçı qeydiyyatdan keçib. Bu il yarmarkaya 300 tona yaxın bal çıxarılacaq. Hazırda respublika baytarlıq laboratoriyasının işçiləri yarmarkaya qədər balların keyfiyyətini yoxlamaq üçün iki növbədə çalışırlar. Alıcılara tövsiyyə olunur ki, yarmarkada bal alarkən mütləq şəkildə laboratoriya ekspertiza sənədini tələb etsinlər.