Azərbaycan təbii qazını Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria – IGB) layihəsinin yerinə yetirilmə planı bu gün imzalanacaq.
Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Aspen Energy Summit”dəki müzakirələr zamanı deyib.
“Biz sentyabrın 28-də Yunanıstan-Bolqarıstan interkonnektoru üçün layihənin icrası üzrə planının imzalanmasının şahidi olacağıq. Azərbaycan təbii qazının bu interkonnektorla şimal-qərbə nəqli vacibdir”, – deyə M.Şefçoviç bildirib.
Qeyd edək ki, Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana nəql edəcək IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq.
2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbir hissəsini ödəyəcək.
Yunanıstan-Bolqarıstan interkonnektoru Bolqarıstana Azərbaycan qazının, xüsusilə də, “Şahdəniz-2” qaz-kondensat yatağından hasil edilən qazın çatdırılmasına imkan verən qaz boru kəməridir.
IGB-nin ilkin ötürmə gücü 3 milyard kubmetr qaz olacaq. Layihənin dəyəri təxminən 240 milyon avro ətrafında qiymətləndirilir.