Cakartada keçirilən “IX Ümrə Həcc və Beynəlxalq Turizm Sərgisi 2017”də Azərbaycan da təmsil olunub

Beynəlxalq Turizm Günü ərəfəsində, sentyabrın 27-28-də Cakartada keçirilən “IX Ümrə Həcc və Beynəlxalq Turizm Sərgisi 2017” tədbirində Azərbaycan da ilk dəfə təmsil olunub.

Səudiyyə Ərəbistanında yerləşən “Perfect Events” şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ərəb ölkələrinin İndoneziyadakı səfirləri, səyahət və turizm agentliklərinin, mehmanxanaların, eləcə də İndoneziyanın müvafiq özəl qurumlarının, aparıcı turizm assosiasiya və operatorlarının nümayəndələri iştirak edib.

Builki tədbirə qeyri-ərəb ölkəsi olan Azərbaycanın ilk dəfə qatılması iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev çıxış edərək ölkəmizin turizm potensialı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, artıq 9 ildir baş tutan tədbirə bu il ilk dəfə Azərbaycan da qatılıb. Azərbaycanın burada iştirakı məhz ölkə rəhbərliyinin turizm sektorunun inkişafı məqsədilə həyata keçirdiyi kompleks proqramlar və bunun nəticəsində turizm potensialının sürətli inkişafının nəticəsində mümkün olub. Azərbaycan hökuməti tərəfindən vizaların sadələşdirilməsi, birbaşa uçuşların sayının artırılması, turizm infrastrukturunun inkişafı, beynəlxalq tədbirlərə ev sahibliyi etməklə ölkəmizin tanıdılması ölkəyə turist axınının artmasına gətirib çıxarıb. Azərbaycanın ən özəl xüsusiyyəti isə özündə qərb və şərq mədəniyyətini cəm etməsi, dörd fəsil təbii gözəlliklərə, həm dağ-meşə massivi, həm də dəniz sahilinə malik olmasıdır.

Səfir əlavə edib ki, Azərbaycanın islam tarixində özünəməxsus yeri var. Azərbaycan bir çox islam alimlərinin, filosofların və ədəbiyyatçıların vətəni olmaqla yanaşı, eyni zamanda, bəzi mühüm tarixi hadisələrdə xüsusi rol oynayıb.

Diplomat bildirib ki, Azərbaycan hökuməti müxtəlif müsəlman ölkələrindən Ümrə ziyarətinə gedən milyonlarla müsəlman zəvvarlar üçün kəşf olunmamış yeni bir məkana – Azərbaycana qapı açmaq məqsədilə Bakı-Ciddə-Bakı birbaşa uçuşlara start verib. Cənub-şərqi Asiya müsəlmanları, xüsusilə də İndoneziya vətəndaşları Ümrə və Həcc ziyarətçiləri sırasında sayca birincidir. Bunu nəzərə alaraq İndoneziya vətəndaşları üçün də viza sadələşdirilib və hazırda Bakı-Cakarta-Bakı birbaşa uçuşlarının həyata keçirilməsi üçün işlər davam edir.