İqtisadiyyat Nazirliyi Azərbaycanın ilk əczaçılıq zavodu ilə memorandum imzaladı

Sentyabrın 28-də Bakı EXPO Mərkəzində keçirilən 23-cü BİHE-2017 Beynəlxalq Səhiyyə Sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyi və “Həyat Farm” MMC arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Modern.az xəbər verir ki, memorandum ən yüksək texnoloji standartlar üzrə əczaçılıq istehsalının yaradılmasına və inkişafına dair niyyəti ifadə edir. Sənədi iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və “Həyat Farm” MMC Azərbaycan-Rusiya birgə müəssisəsinin baş direktoru Ramin Hacıyev imzalayıblar.

Tərəflər Azərbaycanda beynəlxalq standartlara cavab verən dərman vasitələrinin (GMP, GDP və s.) istehsalının təşkilinə dair layihənin uğurla həyata keçirilməsi, eləcə də həm ölkə ərazisində, həm də regionun digər dövlətlərində əczaçılıq məhsullarının distribüsiyasının təşkili üçün əlverişli şəraitin yaradılması məqsədilə qarşılıqlı fəaliyyət barədə razılığa gəliblər.

BİHE-2017 sərgisində ilk dəfə təmsil olunan “Həyat Farm” şirkəti Bakının yaxınlığında Pirallahı sənaye parkında layihə həyata keçirir.

“Həyat Farm” MMC 45 faiz pay iştiraklarına malik “Vita-A” özəl şirkəti (Azərbaycan Respublikası) və “R-Farm” (Rusiya Federasiyası) şirkətlər qrupu tərəfindən yaradılan birgə müəssisədir. Yaxın günlərdə layihəyə 10 faiz pay ilə “Azərbaycan İnvestisiya Şirkəti”nin (AİŞ, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi) qoşulacağı gözlənilir.

“Həyat Farm” MMC Azərbaycanda dərman təhlükəsizliyinin təmin olunmasına, əhalinin yerli istehsallı keyfiyyətli əczaçılıq məhsulları ilə təchizatına, dərman preparatlarının idxalının azaldılmasına və ixrac potensialının artırılmasına yönələn uzunmüddətli layihədir.

Müəssisədə istehsal edilən əczaçılıq məhsullarının həm yerli bazarda, həm də qonşu ölkələrdə satışı nəzərdə tutulur. Layihə çərçivəsində 200-dən çox iş yeri açılacaq.

Zavodun birinci mərhələsinin 2018-cu ilin sonunda istismara verilməsi planlaşdırılır.

“Həyat Farm” zavodunda müxtəlif əczaçılıq qruplarına daxil olan preparatların, o cümlədən onkolojı, əsəb, kardiovaskulyar, sümük-əzələ və tənəffüs sistemləri xəstəliklərinin müalicəsi üçün preparatlar, virus əleyhinə, HİV-infeksiya terapiyası daxil olmaqla, diabetə qarşı, göbələk əleyhinə, qusmaya qarşı, dərmanlar, antibiotiklər, həmçinin rentgen-kontrast vasitələr və maqnit-rezonans müayinələr üçün preapatlar istehsal ediləcək.

Ümumilikdə, müəssisə 58 beynəlxalq patentləşdirilməmiş adda 89 növ dərman vasitəsi buraxacaq. Zavodun istehsal gücü 22,5 mln. qablaşdırma və ya 500 mln. həb və kapsul olacaq.

“Azərbaycan ərazisində müasir preparatların istehsalı əhalinin dərmanla keyfiyyətli təminatını xeyli artıracaq. Bu, həmçinin pasiyentlər üçün müalicə qiymətlərinin və respublika səhiyyə sisteminin maliyyə yükünün azalmasına xidmət edəcək”, – “Həyat Farm” şirkətinin baş direktoru Ramin Hacıyev bildirib.

“İstehsalat sektorunun inkişafı məqsədilə Azərbaycan hökuməti tərəfindən yaradılan cəlbedici investisiya atmosferi bu cür innovativlayihənin reallaşmasına şərait yaradır”, – o qeyd edib.