Qadınlar kişilərdən həmişə çox yaşayacaqlar

The Telegraph” yazır ki, Britaniya Milli Statistika İdarəsinin rəqəmlərindən göründüyü kimi kişilərlə qadınların ömür uzunluğu gözləntisi arasında fərqin azalması dayanıb.

Bundan əvvəl, daha doğrusu xüsusilə də 2006-2008-ci illər arasında qadın və kişilərin ömür gözləntisi arasındakı fərq 4,2 ildən 2012-2014-cü illər arasında 3,7 ilə düşmüşdü.

Ümumən qadınların kişilərdən daha uzun yaşaması təbii sayılır.

Lakin alimlər əvvəlcə iki cins arasındakı ömür uzunluğu fərqinin azalmasını qeydə alanda düşünmüşdülər ki, bu azalma bundan sonra da davam edəcək.

Lakin 2014-2016-cı ilin rəqəmləri göstərir ki, 3,7 il fərqi dəyişməz olaraq qalır.

Alimlər deyirlər ki, ola bilsin bu, məsələn siqaretə qarşı kampaniyanın durğunluq mərhələsinə qədəm qoyması ilə bağlıdır.

Başqa sözlərlə 2006-2013-ci illərdə kişilər siqaret çəkməyi kütləvi şəkildə tərgidirdilər. Amma indi bu proses dayanıb və ya alimlərin dediyi kimi – “tərgidən tərgidib qurtarıb”.

Son rəqəmlərə görə, Britaniyada kişilərin 17,7, qadınlarınsa 14,1 faizi siqaret çəkir.

Hazırda qadınlar üçün ömür müddəti orta hesabla 82,9, kişilər üçünsə 79,2 ildir.

Oxford Universiteti nəzdindəki Qocalma İnstitutunun professoru doktor George Leeson deyib ki, ömür gözləntiləri arasındakı fərqin azalmasındakı durğunluq bir çox faktorlarla, məsələn pəhriz və idmanla da bağlı ola bilər.

Digər tərəfdən istər qadın, istərsə də kişilər üçün ömür uzunluğu gözləntisi artmaqda davam edir, hərçənd bu artımın sürəti səngiyib.

Hazırda Britaniyada hər beş kişidən biri və hər üç qadından biri 90 yaşı aşır. 100 yaşlılar Britaniya əhalisi arasında ən sürətlə artan kəsimdir. 2002-2016-ci illər arasında bu rəqəm 92 faiz yüksəlib.

Britaniyada yaşı 100-ü keçən 15 min nəfər var. 90 yaşı aşanların sayı 571 min 270 nəfərdir.

Alimlər deyirlər ki, indi hökumətlərin başlıca vəzifəsi artan yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi olmalıdır.

Bütün bu bəlli faktların arasında bir bəlli olmayanı da qadınların niyə kişilərdən çox yaşamasıdır.

Alimlərin də bilmədiyi şeylər var. Bilinən budur ki, qadınlar həmişə kişilərdən uzun ömür yaşayacaqlar./milli.az/