Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması bir daha isbatladı ki, ölkəmizin inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruması, İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə qabaqlaması onu sübut edir ki, respublikamız ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilib.
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsində iqtisadiyyat liberallaşdırılır, şaxələndirilir, bunun nəticəsi olaraq kiçik və orta sahibkarlıq inkişaf edir, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi getdikcə artır, ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradılır”,– deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan bundan sonra da dinamik inkişafını davam etdirəcək, beynəlxalq hesabatlarda irəliləyəcək, hətta, G20 ölkələrinin səviyyəsinə çata biləcək.