Gənclərin önə çəkilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti.
Bəlli reallıqdır ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Eyni zamanda bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdəndirdir. Çünki yaşadığın ölkədə dövlətçiliyin, müstəqilliyin daha da gücləndirilməsi, inamla addımladığın sabaha güvəncli intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların istənilən səviyyədə aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.
Son 15 ildə respublikamızda gənclərlə iş sahəsində görülən təqdirəlayiq tədbirlərin miqyasını nəzərə alsaq, əlbəttə hər birimiz şahidiyik ki, bütün bunlar Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində əsaslı rol oynamışdır. Bu isə gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutması deməkdir. Və ən əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Cənab İlham Əliyevin bu istiqamətdəki tövsiyə və tapşırıqlarının icrasının nəticəsi olaraq hazırda ölkənin hər yerində, o cümlədən Biləsuvar rayonunda bacarıqlı, ixtisaslı kadrların dövlət idarəçiliyində irəli çəkilməsi prosesi uğurla həyata keçirilir. Həmin gənclər təsadüfən deyil, intellekt, bacarıq və qabiliyyətlərinə görə irəli çəkilir, həyatımızın inkişaf sürətinə uyğun olaraq, fəal həyat mövqeyi ortaya qoymağı bacarırlar. Dövlət başçımızla yanaşı, rayon rəhbərliyi onların fəallıqlarının artırılması üçün geniş imkanlar yaradır. Və bu da təsadüfi deyil ki, Vətənpərvərlik məkanı olan Biləsuvar gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib.
Elə bu gün aldığımız sevindirici xəbər də gənclərimizdən biri ilə bağlıdı… Yeni təyinatı ilə-Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş həmyerlimiz, bir müddətdir ki, dövlət qulluğunda yetərli, qüsursuz xidməti və fəal ictimaətçiliyi ilə fərqlənən Ləman xanım Yüzbaşovanın bu uğuru rayonumuzun bütün fəal ictimaiyyətini qəlbən sevindirmişdir. Çünki danılmaz həqiqətdir ki, Ləman xanım öz biliyi, talantı, ictimai davranışı, eləcə də tələbkarlığı ilə çalışdığı kollektivlərdə böyük hörmət və ehtiram sahibi kimi tanınmış, 2014-cü ildən rayon rəhbəri cənab Mahir Quliyev tərəfindən etimad göstərilərək RİH Başçısı aparatına məsul vəzifəyə irəli çəkilmişdir. Və bu müddətdə rayonun ictimai-siyasi, iqtisadi-sosial həyatında gənclərin rolunun daha parlaq inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Əlbəttə, bu gənc yaşda, eyni zamanda qısa müddətdəki dövləti fəaliyyəti zamanı vətənpərvərlik sevgisiylə fəaliyyət göstərmək, dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirmək, ünsiyyətdə olduğun insanların məhəbbətini qazanmaq elə də asan iş deyil.
Hər birimizin gözləri önündə Ləman xanım hər zaman qarşıya qoyulmuş işgüzar məsələlərdə gənc olaraq fərdi münasibəti ilə seçilmiş, bölgələrdə keçirilən neçə-neçə beynəlxalq tədbirlərdə layiqli təmsilçi kimi əsl ziyalı çıxışları ilə alqışlanmışdır. Bu onun böyük uğurudur məncə, bu onun haqqıdır! Dövlət başçımızın, rayon rəhbərimizin məhz Ləman xanıma verdiyi böyük haqq- bundan sonra daha məsul, daha şərəfli işiylə xalqına, insanlara inamla göstərəcəyi xidmət… Gəlin, Ləman xanıma etimad göstərilmiş bu məsul vəzifəyə görə onu ürəkdən təbrik edək, möhkəm can sağlığı, işində yorulmaz fəaliyyət arzulayaq! .
Yeni təyinat alan gənclərin tərcümeyi-halına diqqət yetirəndə sözügedən bütün bu kriteriyaları orada tapmaq mümkündür. Buyurun, Ləman xanım Yüzbaşovanın tərcümeyi halı ilə siz də tanış olun: -Ləman Cəbrayıl qızı Yüzbaşova 6 fevral 1989-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur. 1995-ci ildə Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş və 2006-cı ildə orta məktəbi bitirmişdir.
2006-cı ildə Lənkəran Dövlət Universitetinin Humanitar və Pedoqoji elmlər fakultəsinin İngilis dili və ədəbiyyatı ixtisasına qəbul olmuşdur. 2010-cu ildə həmin fakultəni Fərqlənmə diplomu ilə bitirmişdir. 2010-2015-ci illərdə də Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər və İqtisadiyyat” fakultəsinin “Beynəlxalq Münasibətlər” ixtisasını bitirmişdir. 2017-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Dövlət və Bələdiyyə idarəetməsi” fakültəsinin magistrantıdır. 2010-cu ildə Biləsuvar Peşə liseyində ingilis dili müəllimi kimi ilk əmək fəaliyyətinə başlamış, 2012-ci ildə isə Biləsuvar Peşə liseyində Təlim-tərbiyə işləri üzrə direktor müavini kimi işləmişdir. 2014-cü ilin fevral ayında Biləsuvar rayon İcra Hakimiyyəti baçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunmuşdur.
2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2014-cü il aprel ayından isə Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının Qadınlar Şurasının sədri seçilmişdir. 2014-cü il YAP Qadınlar Şurasının Ümumrespublika konfransına nümayəndə seçilib. 2015-ci ildən YAP rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir. 2015-ci il aprel ayında Bakı-2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsinin Biləsuvar rayonu üzrə nümayəndəsi olmuşdur.
YAP rayon təşkilatının Siyasi Şurasının üzvü, eləcə də YAP rayon təşkilatının İdarə Heyətinin üzvüdür. İctimai-siyasi və gənclərlə iş sahəsində fəaliyyətinə görə rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Bir çox layihə və beynəlxalq tədbirlərlə əlaqədar xaricdə olmuş, Fəxri Fərman və diplomlara layiq görülmüşdür. 2016-cı ildə keçirilmiş Referundumla bağlı yaradılmış “Yeni Azərbaycan” Təşəbbüs qrupunun üzvü və səlahiyyətli nümayəndəsi seçilmişdir. 2010-cu ildən Azərbaycan İngilis dili Müəllimlər Assossasiyasının (AZETA) üzvüdür. İngilis, rus, ispan dillərini bilir. 2017-ci ilin sentyabrından Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Samir Qurbanov
Astarainfo.az