1999-cu ildən Ümümdünya Ürək Federasiyasının təşəbbüsü ilə Ümümdünya Ürək Günü keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı, YUNESKO və digər beynəlxalq təşkilatlar da həmin təşəbbüsə tərəfdar çıxıblar.
AZƏRTAC xəbər verir ki, 2011-ci ildən hər il sentyabrın 29-da Ümumdünya Ürək günü dünyanın 100-dən çox ölkəsində qeyd edilir.
Ürək bütün orqanizmin işini təmin edən, onun sağlamlığı və normal fəaliyyəti üçün çox vacib orqandır. Həmin gün ürək-damar xəstəliklərinin epidemiyası təhlükəsini ictimaiyyətə çatdırmaq və məlumatlandırmaq, bu sahədə profilaktika işlərini genişləndirmək məqsədilə keçirilir.
Hazırda bütün dünyada insan orqanizminə çox böyük zərbə vuran işemik xəstəliklər, baş beyin insultları və infarktlar son dərəcə geniş yayılıb. Ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəbi olaraq qalır. Hər il dünyada 15 milyon nəfərdən çox sakin ürək-damar xəstəliklərindən vəfat edir.
Xəstəliyin əsas səbəbi yüksək təzyiq, qanda xolesterin və qlükozanın səviyyəsinin enib-qalxması, qidalanma zamanı təbii mənşəli vitaminlərdən azlığı, piylənmə və digər səbəblərdir.
Hər il Ümumdünya Ürək Günü çərçivəsində “Həyat üçün ürək” şüarı altında keçirilən tədbirlər ürəyin sağlamlığı ilə əlaqədar müəyyən mövzuya həsr edilir. Ürək Günü ilə əlaqədar keçirilən tədbirlərin proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir.