Havalar soyuyan kimi Bakıda və bölgələrdə yaşayan insanlar evlərə verilən qazın təzyiqinin aşağı düşəcəyi ilə maraqlanırlar.

 

Astarainfo.az Xəzər TV-yə istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevin sözlərinə görə, soyuq havalarda istehlakçılar tərəfindən qaza olan tələbat 2-3 dəfə artır. Bu isə qazın təzyiqinə təsir edir.

Qurum rəsmisi bildirib ki, tələbat nəzərə alınaraq qazın təzyiqi soyuq havalarda artırılır. Təzyiq zəif olan ərazilərin vətəndaşlarından “Azəriqaz”ın qaynar xəttinə müraciət etmələri xahiş olunur. İbrahim Kərbalayev deyir ki, son vaxtlar “Azəriqaz”ın dispetçer xidmətinin işi avtomatlaşdırılıb və hər bir abonentin şikayəti operativ şəkildə təmin olunur.
Ötən qış “Azəristiliktəhcizat” ilə “Azəriqaz” arasındakı problem səbəbindən bəzi bina evlərində istilik sistemlərinin verilməsində müəyyən məhdudiyyətlər yaranmışdı. Borc tam olaraq ödənilməsə də, əhali bu il istilik sarıdan əziyyət çəkməyəcək.
“Azəriqaz”ın sözçüsü İbrahim Kərbalayev borcun ödənilməsini zəruri hesab edir. Çünki qaz təsərrüfatı şəbəkəsində yenidənqurma işlərinin bərpası üçün bu vəsaitə ehtiyac var.
BakuPost