Cəza siyasətinin humanistləşdirilməsi sahəsində uzun müddət görülən tədbirlərə baxmayaraq, məhkəmələr bir çox hallarda şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçilməsinə, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verirlər.
Trend-in məlumatına görə, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstək Şurasının birgə təşkilatçılığı ilə keçirilən, Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.
Ş.Yusifov bildirib ki, bunun də obyektiv və subyektiv səbəbləri var: “Obyektiv səbəblər hazırda qüvvədə olan cinayət qanunvericiliyində olan bir sıra boşluq və çatışmazlıqlardır. Yeni müzakirəyə çıxarılan qanun layihəsində bu boşluqlar aradan qaldırılıb. Cinayət Məcəlləsində nəzərdə tutulan ictimai işlər cəzasının tətbiqi bir sıra hallarda mümkünsüz olurdu. Belə olan təqdirdə, məhkəmələr azadlıqdan məhrumetmə cəzasını əsas götürərək bu cəzanı təyin edirdilər. Digər tərəfdən, yüksək məbləğlərdə cərimə, islah işləri, ictimai işlər cəzaları da icrasız qalırdı”.
Kollegiya sədri əkavə edib ki, Prezident İlham Əliyevin bu il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladığı sərəncamdan sonrakı 8 ay dövründə hüquq-mühafizə və məhkəmə sistemində canlanma baş verib:
“Bu canlanma da ondan ibarətdir ki, bu gün ibtidai araşdırmalara rəhbərlik edən prokurorlar az ağır cinayətlər törətmiş və ümumiyyətlə, həbs qətimkan tədbirinin seçilməsi üçün əsasları olmayan şəxslər barəsində təqdimatların verilməsini dayandırıblar. Məhkəmələr cəsarətli olublar. Belə təqdimatlar olsa da, bir sıra hallarda həmin təqdimatların rədd edilməsi haqqında qərarların qəbulu ilə bağlı məlumatlar daxil olur və təqsirləndiriən şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçilməsindən imtina edilir. Ədliyyə Nazirliyinin məlumatına görə, bu, ötən qısa müddət ərzində həbs edilmiş şəxslərin 30 faiz azalmasına səbəb olub”.
Subyektiv amillərlə bağlı azadlıqdan məhrumetmə cəzası məsələsinə gəldikdə, Ş.Yusifov deyib ki, belə amillərə misal olaraq, məhkəmələr tərəfindən cinayət qaunvericiliyində nəzərdə tutulmuş tələblərin tam nəzərə alınmamasını, bir sıra hallarda ümumiyyətlə yerinə yetirilməməsini göstərmək olar.
Onun sözlərinə görə, bunlar əsasən Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqində öz əksini tapır: “Cəzaların kifayət qədər yüngülləşdirilməsi üçün hallar müəyyən edilsə də, məhkəmələr şəxsə həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza tədbirinin daha yüngülünün seçilməsinə əsas olan halları nəzərə almırlar. Nəticədə cinayət törədənlər, əsasən də az ağır cinayət törətmiş şəxslər azadlıqdan məhrum edilirlər. Hesab edirəm ki, hazırkı qanun layihəsi bu cəza ilə yanaşı, alternativ cəza növlərinin təyininə də əsas verəcək”.