Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumunu Lənkəran rayonunun Darquba kəndində keçirib.
Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, tədbir çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, çəltikçilik, sitrus bağçılıq və çayçılıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Həmçinin kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Forumda çıxış edən SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Onun sözlərinə görə, 2017-ci ilin ötən dövrü ərzində 1 154 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 90,4 mln. manat güzəştli kredit verilib.
İşgüzar forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 460 min manat güzəştli kredit ayrılıb. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, tekstil məmulatlarının istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək və 50-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Forum çərçivəsində Lənkəranda güzəştli kredit ayrılmış çayçılıq və sitrus bağçılıq təsərrüfatlarına baxış keçirilib.
Ümumilikdə indiyə qədər çayçılığın inkişafı ilə bağlı 14 sahibkara 10,7 mln. manat, sitrus bağlarının yaradılması üçün isə 40-dək sahibkara 1,7 mln. manat güzəştli kredit verilib.