Mum çox qədimdən məlum olan və müalicə məqsədilə təbabətdə istifadə olunan əhəmiyyətli xammaldır. Bərk dənəvər xammal olan mumu işçi arılar hazırlayır. Arının çənə və yuxarı qarıncığında səkkiz xüsusi mum vəzisi yerləşir və ifraz etdiyi mum havanın təsirindən bərkiyərək yarımşəffaf lövhəciklərə çevrilir. Ondan tikinti materialı kimi istifadə edən işçi arılar şanı yığmaq, ana və erkək arıları isə süfrə çıxarmaq, nəsil artırmaq üçün üskükvari yuvalar düzəldirlər.
AZƏRTAC xəbər verir ki, arılar dolmuş yuvacıqları-pətəyi mumla suvayırlar. Pətəklərin içindəki yuvacıqlar hər tərəfdən altıbucaqlı mum arakəsmələrlə əhatələnir və arı şanının divarını təşkil edir. 43,5×30 santimetr ölçüdə olan çərçivədə 4 kiloqrama qədər yetişmiş bal olur. Riyaziyyatçılar hesablayıblar ki, ən az mum işlədərək ən çox bal yuvacığı hazırlayıb çoxlu bal götürmək yalnız altıbucaq formalı şan düzəltməklə mümkündür. Arılar çərçivəni ayrı-ayrı küncündən toxuyaraq onları bir-birinə elə birləşdirirlər ki, 1 millimetr belə işlənməmiş sahə qalmır, çünki pətək kompüter dəqiqliyi ilə hörülür.
Arılar 1 kiloqram mum istehsal etmək üçün 3,5 kiloqram bal və çiçək tozundan istifadə edirlər. Ən güclü arı ailəsi bir məhsul mövsümündə 2 kiloqrama qədər mum istehsal edə bilir.
Pətəkdə ana arı yuvacıqlara süfrə qoyur və onlar yetkin arıya çevrilib çıxandan sonra süfrənin qalıqları və ifrazatı yuvacıq divarına yapışır, getdikcə pətək qaralır, yuvaların həcmi kiçilir və istifadə üçün yararsız olur. Elə buna görə də təzə, sarı rəngli çərçivələrdə mumun miqdarı 86-100, qəhvəyi və tünd qəhvəyi rəngli pətəklərdə isə 49-60 faiz olur.
Mumun kimyəvi tərkibi çox mürəkkəbdir, onun tərkibində 300-dən çox maddə, o cümlədən 70-75 faiz mürəkkəb efirlər, sərbəst yağ turşuları, karbohidratlar, su, aromatik rəngləyicilər və s. aşkar edilib.
Mum bioloji aktiv məhsuldur və güclü bakterisid təsirə malikdir. Ağız boşluğu xəstəliklərində balla mumu çeynəmək müalicəvi təsir göstərir. Mum bitki və heyvanı yağlarda yaxşı həll olur. Ondan hazırlanan məlhəm və balzamlardan dəri xəstəlikləri və yaraların müalicəsində istifadə edilir. Tərkibindəki A vitamini dəriyə qidalandırıcı və sağaldıcı təsir göstərir.
Oynaq xəstəlikləri, endarterit və miozitlərdə mumla mastika etmək müsbət nəticə verir. Spastik kolitlərdə mumun daxilə qəbulu çox faydalıdır. Mum mədədə həzm olunmur, yumşaq, elastik maddə kimi həzm sistemi və bağırsaqlara yaxşı təsir göstərir.
Müasir kosmetologiya və farmakologiyada müxtəlif krem, məlhəm, emulsiya və şamların hazırlanmasında mumdan geniş istifadə olunur. Parfümeriya zavodlarında mumdan alınan efir yağı keyfiyyətinə görə gül və jasmin efirindən geri qalmır və daha ucuz başa gəlir. Krem, dodaq boyaları, gözə çəkilən qələmlər, ənlik və dezodorantların istehsalında mumdan geniş istifadə edilir. Üzə vurulan bəzi kosmetoloji maskaların tərkibində də mum olur.
Qədimdə rəssamlar mumdan enkaustik boyalar alır və həmin rənglə çəkilmiş rəsmlər uzun müddət təravətini itirmirdi. Mum elektrotexnika, poliqrafiya, ağac emalı, toxuculuq və şüşə sənayesində də qiymətli xammal hesab edilir.