Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Yubiley mərasiminin iştirakçıları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Daha sonra Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Janez Koçijançiç çıxış etdi.
Janez Koçijançiç Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim etdi.
Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış etdi.
Marius Vizer Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını – qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı yüksək mükafatlara görə Janez Koçijançiçə və Marius Vizerə təşəkkürünü bildirdi.
Mərasim konsert proqramı ilə davam etdi.