SON DƏQİQƏ – Ərdoğan və Putindən vacib açıqlamalar – VİDEO

Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşdən sonra mətbuat konfransı keçirilib.

 Astarainfo.az  xəbər verir ki, mətbuat konfransında hər iki lider iştirak edib. Mətbuat konfransında ilk çıxışı Ərdoğan edib.

“Bu il ərzində dəyərli dostum Putin ilə beşinci dəfədir bir araya gəlirik. Bundan başqa, nazirlərimiz rusiyalı həmkarları ilə daim təmasda olurlar. Gələcəkdə də, əlaqələrimizi daha sıx quracağıq. Bunanla bağlı hər iki tərəf qərarlıdır. İki ölkə olaraq münasibətlərimizə çox böyük önəm veririk. Gələn il də cənab Putin Türkiyəyə səfər edəcək. İki ölkə arasında enerji məsələsində razılaşma var. Bundan başqa danışıqlar zamanı Suriya məsələsini bir daha müzakirə etdik. Bir daha qərara gəldik ki, Suriya problemini birlikdə həll edək və bunun üçün əməkdaşlığımızı davam etdirək. Çox təəssüf ki, son zamanlar Yaxın Şərqdə xoşa gəlməyən proseslər cərəyan edir. Şimali İraq Kürd Muxtariyyatının müstəqillik referendumu bu proseslərdən biridir. Bu müstəqilliyin İraq və beynəlxalq qanunlarla tanınması mümkün deyil. Bölgədə dostluq münasibətlərinə baxmayaraq, bu referendumun keçirilməsi böyük səhv idi. Cənab Putinlə İraq və Suriyadakı prosesləri müzakirə etdik. İnanıram ki, bu görüş hər iki ölkə və region üçün çox önəmlidir”, – deyə Ərdoğan bildirib.

Türkiyəli həmkarından sonra Rusiya prezidenti Putin çıxış edib. O, çıxışında görüşdən çox razı qaldığını deyib:

“Səmimi bir görüş oldu. Görüşdə Suriya məsələsini müzakirə etdik. Bundan başqa, Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu barədə də danışdıq. Həmçinin, iki ölkənin ticarət əlaqələri və bu əlaqələrin daha da genişləndirmək barədə söhbət etdik. Bu ilin 7 ayı ərzində 30 ticarət sahəsini artırmışıq. Ötən ildə yaranmış problemlər nəticəsində ticarət sahəsində itirdiklərimizi bu il yenidən bərpa etmişik. Görüşün çox uğurlu və xeyirli tamamlandığını deyə bilərəm. Buna görə cənab Ərdoğana təşəkkür edirəm”.

Qeyd edək ki, iki ölkə rəhbəri arasında keçirilən danışıqlar 1,5 saat davam edib. Rusiya tərəfini danışıqlarda XİN rəhbəri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, energetika naziri Aleksandr Novak, Baş Qərargah rəisi Valeri Gerasimov, kənd təsərrüfatı nazirinin müavini Yevgeni Qromıko, prezidentin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rosatom”un rəhbəri Aleksey Lixaçov, və Rusiyanın Ankaradakı səfiri Aleksandr Yerxov təmsil edir.

Türkiyə nümayəndə heyətinin tərkibində Baş Qərargah rəisi Hülusi Akar, baş nazirin müavini Mehmet Şimşek, XİN rəhbəri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, Türkiyənin Moskvadakı səfiri Hüseyn Diriöz, MIT (Milli Kəşfiyyat İdarəsi) rəhbəri Hakan Fidan, müdafiə nazirinin müavini İsmayıl Dəmir, prezidentin baş müşaviri Sadık Arslan, Prezident Administrasiyası rəhbərinin müavini İbrahim Kalın yer alıblar.

Ziya Səccad
Ölkə.Az