Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi (JEM) “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tər
əfindən çəkilməsi və sərgilənməsi” layihəsi davam edir.
JEM-in mətbuat xidmətində AZƏRTAC-a bildirilib ki, 4 ay müddətində keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təhsil alan yeniyetmə rəssamlar 2016-cı ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər.
Bildirilib ki, artıq şəhidlərin obrazlarının eskizləri tamamlanmaq üzrədir. Vətən uğrunda canlarından keçən 50 qəhrəmanın təsvir olunduğu rəsm əsərlərinin çəkilmə prosesi tam yekunlaşandan sonra noyabrda Azərbaycan Hərb Tarixi Muzeyində sərgi açılacaq.
Sonda rəsm əsərləri muzeyə hədiyyə olunacaq, yeniyetmə rəssamlar diplom və hədiyyələrlə mükafatlandırılacaq.