Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğuladı. Təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəmizə səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Nikolay Patruşev təhlükəsizlik sahəsində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq dedi: “Biz Sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.