Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən “Salam Azərbaycan” adlı açıq qapı günü keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, diplomatik nümayəndəliyin ərazisində Heydər Əliyev adına parkda təşkil olunan tədbirdə şəhər sakinləri və qonaqları üçün Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ edilib. Xarici ölkələrin diplomatik nümayəndələri, Ukrayna Ali Radasının deputatları, siyasətçilər, mədəniyyət və ictimai xadimlər və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın milli yeməkləri olan dolma, plov, dovğa və digər nemətlər təqdim olunub.
Tədbirdə qonaqlar, həmçinin milli musiqi alətimiz olan tarın canlı müşayiəti ilə muğamımıza qulaq asıblar.
Daha sonra səfirliyin akt zalında keçirilən qəbulda çıxış edən ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, bu yaxınlarda səfirlik tərəfindən helloazerbaijan.com.ua saytı yaradılacaq.
Saytın yaradılmasında məqsəd Azərbaycan mədəniyyətini, milli mətbəxini, ölkəmizin sosial həyatını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə tanıtmaqdır. Hazırda isə saytın aktivləşdirilməsi üçün texniki işlər həyata keçirilir. Səfir qeyd edib ki, Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur.
“Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında qədim köklərə malik Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğatının aparılması üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir”, – deyə A.Xudiyev əlavə edib.
Tədbirdə iştirak edən xarici qonaqlar Azərbaycan haqqında öz xoş fikirlərini bildiriblər.