Azərbaycanda ahıl yaşda olan insanların sayı AÇIQLANDI

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi müvafiq qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-nin Beynəlxalq Ahıllar günü kimi qeyd olunması cəmiyyətdə ahılların problemlərinin həllinə diqqət və qayğının artırılması məqsədi daşıyır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar. Cari ilə olan rəsmi statistikaya əsasən, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin sayı 377,8 min nəfər təşkil edir.

Pensiya təminatı ahıl insanların sosial müdafiəsində xüsusi yer tutur. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 329 275 nəfəri ahıl vətəndaşlardır. Onlardan 201 838 nəfəri qadın, 127 437 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 208 611 nəfəri 70-80 yaş arası, 110 936 nəfəri 80-90 yaş arası, 9 728 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır. Ümumilikdə, hazırda ahıl vətəndaşların 87,1%-i əmək pensiyası ilə təmin olunur, əmək pensiyası hüququ olmayan ahıl şəxslərə isə yaşa görə aylıq sosial müavinət ödənilir.

Ümumilikdə, ölkəmizdə əmək pensiyaçılarının sayı 1 iyul 2017-ci il tarixinə 1 mln. 325 min nəfər təşkil edir ki, onlardan 59,2%-i yaşa görə, 11,5%-i ailə başçısını itirməyə görə, 29,3%-i əlilliyə görə pensiya alır. Müasir sığorta-pensiya sisteminin yaratdığı imkanlar, həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği son 10 ildə 10,3 dəfədən çox, cari ilin ilk yarımilində isə 6,4% artıb. Beləliklə, cari ilin 1 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 224 manata çatıb. Həmçinin son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb.

Ahıl vətəndaşların bir qismini təşkil edən 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına ödənilən orta aylıq pensiya məbləği isə 356 manat təşkil edir. Aylıq əmək pensiyası ilə yanaşı, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə 2008-ci ilin 1 sentyabrından digər müharibə əlilləri kimi, İkinci Dünya müharibəsi əlillərinə də Azərbaycan prezidentinin aylıq təqaüdü ödənilir. Həmin təqaüdlərin məbləği ötən dövrdə orta hesabla 2 dəfədən çox artırılıb və I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb. İkinci Dünya müharibəsi iştirakçıları, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər də Azərbaycan Prezidentinin təqaüdləri ilə təmin edilirlər.

Hər il olduğu kimi, cari ildə də 9 May – Qələbə günü ərəfəsində də İkinci Dünya müharibəsi iştirakçılarına, müharibədə və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan prezidenti tərəfindən müvafiq Sərəncam imzalanıb. Sərəncama əsasən, nazirlik tərəfindən 13 312 nəfər şəxsə, o cümlədən İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat, sərəncamda qeyd olunan digər təbəqələrə aid 12 549 nəfərin hər birinə isə 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Həmin yardımların məbləği də vaxtaşırı olaraq artırılır. Bu istiqamətdə növbəti addım olaraq, ötən ildən etibarən bu maddi yardımların məbləği 25% artırılmaqla, müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb. Həmin şəxslərə Qələbə günü ilə əlaqədar MDB məkanında ən yüksək məbləğdə birdəfəlik yardım məhz Azərbaycanda verilir. Digər tərəfdən, ötən dövrdə İkinci Dünya müharibəsi əlillərindən 102 nəfərə dövlət büdcəsi hesabına mənzil, 1 118 nəfərə minik avtomobili verilib.

Son illərdə nazirliyin digər bir çox sosial xidmət müəssisələrində olduğu kimi, 201 nəfər insanın, o cümlədən 137 nəfər ahıl şəxsin yaşadığı Müharibə və əmək əlilləri üçün pansionatda (Qocalar evi) müasir tələblərə uyğun yaşayış şəraitinin yaradılması təmin olunub. Pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib. Yeni korpusda yaradılan şəraitlə tanış olan Azərbaycan prezidenti burada yaşayan ahıllarla görüşündə “Güclü sosial siyasət bundan sonra da davam etdiriləcək. Xüsusilə yaşlı nəslə, ağsaqqallara, ağbirçəklərə daim diqqət göstərilməlidir və göstəriləcəkdir”, deyə bəyan edib. Ahıllara diqqət və qayğının artırılması sahəsində Heydər Əliyev Fondu tərəfindən də mühüm işlər aparılır. Fondun nəcib layihələri çərçivəsində pansionatdakı qocaların səhiyyə ocaqlarında müayinə edilməsi, onlar üçün konsertlərin, bayram şənliklərinin keçirilməsi və s. tədbirlər təşkil olunur. Bu kimi tədbirlər ahıllara fərəhli anlar bəxş edərək, onlarda nikbin duyğular oyadır.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 208 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidmət göstərilir. Həmin insanların 8 857 nəfər ahıl şəxslərdir. Sosial işçilər onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət mallarının, müvafiq hallarda tibbi və psixoloji yardımın, hüquqi məsləhətlərin alınması və s. işlərdə köməklik göstərirlər.