Azərbaycanda qan vermə aksiyasında 1700 litrdən çox qan toplanıb

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 17 məscid və ziyarətgahlarda, qan bankının paytaxtdakı əsas mərkəzində və 8 bölgədəki bölmələrində keçirilən qanvermə aksiyası başa çatıb.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Trend-ə bildirib ki, qanvermə aksiyasında 3827 nəfər qan verib, 1722,3 litr qan toplanıb.

İnstitut direktoru bildirib ki, qədər qan verən insanlar arasında halı pisləşən olmayıb. Z.Əlimirzəyeva əlavə edib ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq və təmiz qanlar ehtiyacı olan xəstələr üçün istifadə olunucaq.

Qeyd edək ki, ötən il qanvermə aksiyasında 4141 nəfər qan verib, 1863 litr qan toplanıb.