Bakıya ilk dəfədir səfər edirəm. Burada yüksək qonaqpərvərliklə qarşılandım. Bu məni çox sevindirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təşkil olunacaq Ümumdünya Boks Şurasının (WBC) 55-ci konqresində iştirak edəcək məşhur boksçu Evander Holifeld oktyabrın 1-də təşkil olunan mətbuat konfransında deyib.
“Səkkiz yaşında çempion olmaq arzusunda idim. O vaxtlar Məhəmməd Əli mənim kumirim idi. Mən arzuma çatdım. Hazırda WBC-də təmsil olunuram. Bu mənim üçün böyük fəxrdir”,- deyə məşhur boksçu vurğulayıb.
E.Holifeld Konor Makqreqor və Floyd Meyvezer arasında baş tutan və “Əsrin döyüşü” adlandırılan görüşə münasibət bildirərkən deyib: “Biri deyəndə ki, mən səndən yaxşıyam, bu idman növünün adını alçaldır. Makqreqor güclüdür. Dirsəkləri ilə yaxşı işləyirdi. Çevikliyi ilə qalib gələ bilərdi. İnsanlar boksu sevir. Boksu sevənlər bunu da xoşlayacaqlar. Əsas məsələ odur ki, rəqibin güclü olsun. Bu döyüşün boks adına xələl gətirdiyini düşünmürəm.
“Mayk Taysonla dəfələrlə döyüşümüz olub. Onun 17, mənim 21 yaşım vardı. Üçüncü raundda onu küncə sıxmışdım. Mən anamdan qorxurdum, ondan deyil. Bu cür məşhur boksçu ilə döyüşmək fürsətim olub. O vaxt insanlar yalnız bizdən danışırdı”,-deyə Evander Holifeld vurğulayıb.
Digər məşhur boksçu Bernard Hopkins dünyanın ən güclü boksçularının Bakıya toplaşdığını diqqətə çatdırıb. Məqsədimiz WBC-nin konqresində iştirak etməkdir. İnanıram ki, 4 gün ərzində bizi maraqlı müzakirələr gözləyir. Şura dünyada mötəbərliyi ilə seçilir: “Qurum öz bayrağı altında mütəxəssislərlə yanaşı, çempionları da birləşdirir. Bu bizim üçün fəxrdir. Şuranın çempionatında kəmər qazanmaq və kəməri özündə saxlamağa nail olmaq çox çətindir. Ancaq bunu bacaran çox boksçular var”.
B.Hopkins yüksək təşkilatçılığa görə Azərbaycan Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib.
WBC ailəsini bir arada görməyin çox xoş olduğunu bildirən boksçu Azumah Nelson Bakıda keçiriləcək 55-ci konqresin məhsuldar olacağına inamını ifadə edib.
Boksçu deyib: “WBC böyük bir məktəbdir. Hər bir boksçu WBC çempionatının qalibi olmağı arzulayır. Boks bizim həyat tərzimizdir. Əgər boksda peşəkarlığını sübut etmək istəyirsənsə WBC çempionatına qatılıb kəmərə sahib olmalısan”.
Gənclərin WBC-yə marağının böyük olduğunu bildirən A.Nelson şuranın sıralarının genişləndiyini vurğulayıb.
Ölkəmizə ikinci dəfə səfər etdiyini deyən ikiqat WBC çempionu Kristina Hammer təşkilatın xanımlar üçün yaratdığı şəraitdən danışıb: “Təşkilat daxilində münasibət kişilərə olduğu kimi, qadınlara da eynidir. Qadın boksçular WBC-yə qoşularaq məharətlərini nümayiş etdirib kəmərə sahib olurlar. Bu sevinci mən iki dəfə yaşamışam”.
İlk səfərində Bakıdan xoş təəssüratlarla ayrıldığını diqqətə çatdıran boksçu növbəti dəfə ölkəmizdə olmasından məmnunluğunu ifadə edib.
Rusiya boksçusu Konstantin Tszyu bildirib ki, Azərbaycanda onu çox adam tanıyır. Əvvəllər SSSR-ni təmsil etmişəm. Bu ənənəni yeni nəslə ötürmək vacibdir. Peşəkar boksçu yetişməsində hazırlıq məsələsi çox önəmlidir. Müxtəlif məşqlər var. Düzgün məşqçi heyəti varsa hər şey alınacaq. Promoyterlər də tapmaq lazımdır. Əsas odur ki, istək olsun.
Azərbaycanlı boksçu Fərhad Acalov bildirib ki, mərasimin Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar bir hadisədir. Bu, bizim peşəkar boksçularımıza böyük təkan verəcək. İstərdim ki, WBC kəmərini azərbaycanlılar da qazansınlar. Buna inanıram.
Digər dəri əlcək sahibimiz Rövşən Hüseynov isə ən güclü boksçuların, tanınmış simaların Bakıya gəlməsinə sevindiyini bildirib.
Sonda jurnalistlərin sualları cavablandırılıb.