Hanoy şəhərində Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “Azərbaycan musiqisi Vyetnamda” adlı konsert təşkil edilib.
Ölkəmizin Hanoydakı səfirliyindən AZƏRTAC– a bildiriblər ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, səfirliyi və Vyetnam Milli Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konsertdə açılış nitqi ilə çıxış edən Vyetnamdakı səfirimiz Anar İmanov iki ölkə arasında diplomatik əlaqələrinin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirərək, dostluq və əməkdaşlıq münasibətlərinin tarixinin daha öncə, hələ keçmiş Sovet İttifaqı dövrünə təsadüf etdiyini bildirib.
A.İmanov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə bir sıra rəsmi səfərlərin, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovun Vyetnama, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü Çionq Txi Mayın Azərbaycana, təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyətinin Vyetnama səfərlərinin uğurla keçdiyini, bundan başqa Hanoyada “Azərbaycan və Vyetnam münasibətlərinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər” mövzusunda konfransın, İkinci Vyetnam – Azərbaycan Dostluq Forumunun keçirildiyini diqqətə çatdırıb.
İki ölkə arasında mədəni sahədə əməkdaşlıqdan söz açan diplomat Vyetnamda kinematoqrafiyanın qurucularından biri hesab olunan, “Vyetnamın Əmək Qəhrəmanı” fəxri adı və “Dostluq” ordeni ilə təltif olunmuş SSRİ Xalq Artisti, rejissor Əjdər İbrahimovun buradakı fəaliyyətindən danışıb.
A.İmanov “Azərbaycan musiqisi Vyetnamda” adlı konsertin iki ölkənin mədəni münasibətlərinin tarixində ilk dəfə təşkil olunduğunu diqqət çəkərək, bu cür tədbirlərinin gələcəkdə də keçirilməsinin ilk xalq arasında dialoqun inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Vyetnam Milli Musiqi Akademiyasının rektoru Le Anh Tuan zəngin mədəni irsə malik olan Azərbaycanın musiqi incilərindən ibarət konsertin Vyetnamda ilk dəfə keçirilməsindən böyük məmnunluq hissi duyduğunu söyləyib. O, diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konsertin Azərbaycan və Vyetnam arasında sıx dostluq münasibətlərini tərənnüm etdiyini bildirib.
Daha sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Xalq artistləri – dirijor Yalçın Adıgözəlov və opera müğənnisi Azər Zeynalov, habelə Xalq Artisti, muğam ifaçısı Mənsum İbrahimov, Əməkdar artistlər – tarzən Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədovdan ibarət “Qarabağ” muğam qrupu Hanoy Filarmoniyasının orkestrı ilə birgə konsert proqramı ilə çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Həsən Rzayevin, Vasif Adıgözəlovun əsərləri və Azərbaycan muğamları ifa olunub. Konsert tamaşaçıların gur alqışları ilə müşayiət olunan “Qarabağ şikəstəsi”nin ifası ilə başa çatıb.
Konsertə tamaşa edənlər arasında Vyetnam Milli Assambleyasının sədr müavini Uonq Çu Luu, mədəniyyət və turizm nazirinin müavini Le Khanh Hayın, Vyetnam Kommunist Partiyası, parlamenti, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin, digər dövlət qurumlarının rəsmilərinin, diplomatik korpusun, Vyetnam ictimaiyyətinin tanınmış nümayəndələri olub.