Dövlət Komitəsi azyaşlı uşaqların “Aşura” mərasimlərində iştirak etməsinə münasibət bildirib – EKSKLÜZİV

“Bu il Azərbaycanda “Aşura” mərasimləri müvafiq qanunlar çərçivəsində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qəbul etdiyi fətvada irəli sürülən şəri qaydalar əsasında keçirilib”.

Bunu “Report”un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov deyib.

O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Məhərrəmlik” mərasimləri ilə bağlı hazırladığı Tədbirlər planına uyğun olaraq cari ildə “Aşura” mərasimlərinin sivil, milli adət-ənənələrə uyğun formada keçirilməsi istiqamətində həm QMİ, həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirib: “Tasua” və “Aşura” günü məscidlərdə xüsusi monitorinqlər aparılıb. Dövlət Komitəsinin rəhbərliyi də daxil olmaqla, əməkdaşları ölkə üzrə məscid və ziyarətgahlarda keçirilən mərasimlərdə iştirak edərək, yaxından müşahidələr aparıblar”.

Şöbə müdirinin sözlərinə görə, aparılan monitorinqlər, daxil olan məlumatların ümumi təhlilinin ilkin nəticələrinə əsasən, bu il “Aşura” mərasimi ümumilikdə sabit keçib, ciddi pozuntuya yol verilməyib: “Bəzi yerlərlə qeydə alınan kiçik neqativ hallar mərasimlərin ümumi gedişatına təsir göstərməyib. Belə ki, qısa müddətdə onların aradan qaldırılması istiqamətində tədbirlər görülüb”.

Ə.Zülfüqarov qeyd edib ki, az da olsa fərdi şəxslər tərəfindən xurafat və mövhumat elementlərini özündə ehtiva edən zəncirvurma, qançıxarma halları müşahidə olunub, həmin şəxslərlə bu istiqamətdə tövsiyə xarakterli profilaktik söhbətlər aparılıb: “Ümumiyyətlə qeyd edək ki, məzhəbindən asılı olmayaraq bütün müsəlman alimləri zəncir vurmaq, baş yarmaq kimi bədənə xəsarət yetirən əməlləri qətiyyətlə pisləyib, haram olduğunu vurğulayıb, eyni zamanda bunun İslamın gözdən salınmasına, İmam Hüseyn əzadarlığının hörmətdən düşməsinə təsir göstərən amil kimi vurğulayaraq, belə günah əməllərdən çəkinməyi söyləyirlər. Lakin müşahidlər göstərir ki, bəzi valideynlər cahillik ucbatından nəinki özləri, hətta azyaşlı uşaqlarını da dini baxımdan günah olan belə əməllərə cəlb edir ki, bu da böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizi sağlam ruhda öyrənməsində ciddi əngəl yaradır. Aşkarlanan belə hallarla bağlı valideynlərlə də müvafiq profilaktik söhbətlər aparılıb, bu cür neqativ halların yolverilməzliyi onların diqqətinə çatdırılıb. Dövlət Komitəsi hər il olduğu kimi Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən keçirilən qanvermə aksiyasına xüsusi dəstək verərək, dini icmalarda bununla bağlı təşviqat və təbliğat işlərini bu il də davam etdirib. Cari ildə 7-si Bakı şəhərində, 10-u isə respublikanın böyük şəhər və rayonlarında olmaqla 17 yerdə qanvermə aksiyası keçirilib. Görülən tədbirlər nəticəsində qanvermə aksiyasında artım müşahidə olunub, minlərlə insan bu aksiyada könüllü şəkildə iştirak edib”.