İspanaq partlayıcı maddələri aşkar etməyə kömək edəcək

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları partlayıcı maddələrin aşkarlanması üçün qeyri-adi layihə təqdim ediblər. Belə ki, tədqiqatçılar adi ispanaq əsasında detektor yaradaraq bitkiyə karbon nanoborular və sensorlar quraşdırıblar. Nəticədə sensorlar nitroaromatik birləşmələrə reaksiya verməyə, karbon nanoborular isə daim siqnal ötürməyə uyğunlaşdırılıb.

Publika.az “nanonewsnet.ru” saytına istinadən məlumat verir ki, qrunt sularında hər hansı təhlükəli birləşmə aşkar olunarsa, 10 dəqiqə sonra yarpaqlara çatır və siqnal dəyişir. Təhlükəli birləşmə “Raspberry Pi” mikrokompüterinə qoşulmuş kiçik infraqırmızı kameranın köməyilə müşahidə oluna bilər. İstehsalçıların sözlərinə görə, onu adi smartfon kamerası vasitəsilə də görmək mümkün olacaq.

Tədqiqatçılar bildirir ki, bitkilər ətraf mühitə çox həssaslıqla reaksiya verir. Onlar quraqlıq olacağını əvvəlcədən hiss edir, torpağın xüsusiyyətlərində və onun su potensialında baş verən kiçik dəyişiklikləri aşkar edirlər. Bu kimyəvi siqnallardan istifadə olunsa, böyük miqdarda informasiya əldə edilə bilər.