Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinlə görüşüb.
APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.
E. Məmmədyarov iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını və beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı mövqelərin üst-üstə düşdüyünü qeyd edib.
Nazirlər Azərbaycan və Ukrayna arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələri yüksək qiymətləndiriblər.
Pavlo Klimkin Azərbaycanla Ukrayna arasında siyasi münasibətlərin mükəmməl olduğunu, iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirib və ticarət dövriyyəsində yüksək artım dinamikasının müşahidə edildiyini deyib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında uğurlu əməkdaşlığın qurulduğunu, BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, həmçinin regional təşkilatlar olan QDİƏT və GUAM çərçivəsində bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Nazirlər Azərbaycan və Ukraynanın daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həllinə tərəfdar olduqlarını bəyan ediblər.
Tərəflər, həmçinin regional nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb marşrutlarının imkanları, iqtisadi və vaxt baxımından üstünlükləri, Ukraynadan gələn bəzi yüklərin Azərbaycan ərazisindən keçməklə Orta Asiya ölkələrinə nəqli məsələlərini müzakirə ediblər.
E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMTTəhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də təsbit olunduğu kimi, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.
Görüşdə həmçinin, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, enerji, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət, metro, aviasiya, əczaçılıq və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
***
11.36
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ukraynanın xarici işlər naziri Pavel Klimkin arasında görüş başlayıb.
APA-nın məlumatına görə, hazırda ikitərəfli görüş keçirilir.
Daha sonra görüş geniş tərkibdə davam edəcək.
Sonda tərəflər mətbuata açıqlama ilə çıxış edəcəklər.