Bu il Bakı məktəblərində açılacaq məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər mentorluq xidmətindən yararlana biləcəklər.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan (TİPİİ) AZƏRTAC-a bildirilib ki, cari il “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda ixtisasartırma təlimlərində müəyyən bilik və bacarıqlar qazanmış müəllimlərə bir neçə ay ərzində mentorların köməyi ilə peşə səriştələrini artırmaq imkanı veriləcək.
Xatırladaq ki, mentorluq xidmətinin təşkili məsələlərinin müzakirəsi və mentorları fəaliyyətə təşviq etmək məqsədilə TİPİİ-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin əməkdaşları və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin nümayəndələrinin iştirakı ilə müşavirə təşkil olunub.