Bakının Nəsimi rayonu ərazisində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsində avtomobili Yalçın Fəzail oğlu Ağamalı idarə edib.
Bu sözləri Axar.az-a Nəsimi Rayon Polis İdarəsinin növbətçi hissəsindən bildiriblər. Polis İdarəsindən qəzanı törədən şəxsin millət vəkili Fəzail Ağamalının oğlu olub-olmaması barədə hər hansı bilgiyə malik olmadıqları da qeyd edilib.
1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) isə Axar.az-a bildirilib ki, yaralı Nurullayev Qərib Şakir oğlu hazırda palatadadır və vəziyyəti yaxşıdır: “Onun sağlamlığı üçün heç bir təhlükə yoxdur, müalicəsi davam etdirilir”.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində baş vermiş qəza hadisəsi zamanı 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi “Cip” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
***
Ana Vətən Partiyasının (AVP) mətbuat xidməti partiyanın sədri, millət vəkili Fəzail Ağamalının oğlu Yalçın Ağamalının maşınla adam vurması haqda yayılan məlumatlara aydınlıq gətirib.
Partiyanın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir, Yalçın Ağamalı hazırda Türkiyədədir.
“Yalçın Ağamalı Azərbaycanda olmaya-olmaya necə qəza törədə bilər? O, 15 gündür ki, Türkiyədədir. Bundan başqa Yalçın Ağamalının 36 yox, 44 yaşı var. Onun “Cip” yox, “Hunday” markalı avtomobili var”.
Qeyd edək ki, bu gün yerli KİV-də yayılan məlumata görə, deputatın oğlu Yalçın Ağamalı “Jeep” markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub. (axar)
***
Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi “Jeep” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.
Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur. (Report)