Qanunçuluğun və Ədalətin keşiyində

Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, vətəndaşların qanunla müəyyən olunmuş qaydada qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması, haqlı tələblərinin həllinin təmin edilməsi, həmçinin rayon ərazisində olan hüquq-mühafizə orqanları ilə əməkdaşlığın, prokurorluğun istintaq işinin, ibtidai araşdırmaya prosessual rəhbərliyin, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin daha da təkmilləşdirilməsidir.
1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günüdür
Astara rayon prokurorluğu öz fəaliyyətində qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma kimi prinsipləri rəhbər tutmaqla cəmiyyətin cinayət-hüquqi münasibətlər sferasında möhkəm ictimai-siyasi sabitliyin yaradılması, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunması, rayon ərazisində kriminogen durumun yaxşılaşdırılması tələblərini rəhbər tutur. Prokurorluğun ictimaiyyət arasında olan nüfuzunun, vətəndaşların dövlət orqanlarına olan inamının möhkəmləndirilməsi Astara rayon prokurorluğunun gündəlik fəaliyyətində rəhbər tutduğu vacib vəzifələrdəndir.  1 oktyabr prokuror işçilərinin peşə bayramı ərəfəsində əməkdaşımız Astara rayon prokuroru Qabil Qasımovla görüşüb ondan müsahibə almışdır. Həmin müsahibəni təqdim edirik.
  – Hörmətli Qabil müəllim, qarşıdan 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı gəlir. İstərdik ki, bu peşə bayramının yaranması tarixi ilə bağlı oxucularımızı  məlumatlandırasınız.
 – Bildirmək istərdim ki, Azərbaycan Prokurorluğunun öz tarixi var. 1918-ci il mayın 28-də ölkəmizdə milli hakimiyyətin qurulmasından sonra öz idarəçilik sistemini yaradan Xalq Cümhuriyyəti həmin il oktyabrın 1-də Bakı Dairə Məhkəməsinin tərkibində ilk dəfə özünün prokurorluq orqanlarını yaratdı. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə prokurorluğun ilk dəfə yaranması və fəaliyyətə başladığı həmin günü əsas götürərək, 17 iyul 1998-ci il tarixli sərəncamı ilə, oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü elan etmiş və hər il bu əlamətdar günün qeyd olunması rəsmiləşdirilmişdir. Ulu öndərimizin imzaladığı bu sərəncam prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda qürur hissi doğurur. Elə buna görədir ki, Azərbaycan Respublikası prokurorluq orqanlarının bütün əməkdaşları, təqaüddə olan veteranlarımız və ölkəmizin hüquq ictimaiyyəti Azərbaycan Prokurorluğunun yaradılmasının ildönümünü hər il böyük sevinclə bayram edirlər.
– Cənab Prokuror,  rayon prokurorluğunun kollektivi və özünüz haqda, habelə prokurorluğun dövlət təsisatı kimi daşıdığı vəzifələr barədə nə deyə bilərsiniz?
 – Ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə, habelə dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən prokurorluğa işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi kadr korpusunun formalaşdırılması, prokurorluq orqanlarında qulluq keçən şəxslərin sıralarının saflaşdırılması, işlərində mövcud olan neqativ təzahürlərin və çatışmazlıqların aradan qaldırılmasının ən sivil və demokratik yoluna çevrildiyi üçün hazırda prokurorluq orqanlarında işləyən şəxslərin 63%-ni gənclər təşkil edir. Sevindirici haldır ki, prokurorun böyük köməkçisi, köməkçi, prokurorluğun böyük müstəntiqi və müstəntiqindən ibarət olan Astara rayon prokurorluğunun kollektivi şəffaf prosedurlar əsasında keçirilmiş müsabiqə yolu ilə işə qəbul olunmuş hərtərəfli biliyə, iti analitik zəkaya və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc hüquqşünaslardır.
Özüm, 1991-ci ildən etibarən Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan Respublikasının Prokurorluq orqanlarında işləməyə təyinat almışam. Həmin dövrdən Naxçıvan Muxtar Respublikası Prokurorluğunda,  Bakı şəhər Səbail rayon prokurorluğunda müstəntiq, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, Azərbaycan Respublikası Baş Prokurorluğunun  İstintaqa Nəzarət idarəsinin rəis müavini vəzifəsində işləmişəm. 6 aprel 2017-ci il tarixdə Baş Prokurorluğun idarə rəisinin müavini vəzifəsində işlədiyim dövrdə cənab Baş Prokuror Zakir Qaralovun müvafiq sərəncamına  əsasən, Astara rayon prokuroru vəzifəsinə təyin olunmuşam.
Hesab edirəm ki, strateji əhəmiyyət daşıyan Astara rayonuna prokuror təyin olunmağım cənab Baş Prokurorun mənə göstərdiyi böyük etimad və eyni zamanda diqqətin göstəricisidir.
Rayon prokurorluğu, Astara rayon polis şöbəsi, Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsi ilə əlaqəli şəkildə rayon ərazisində ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin etmişdir. Düzgün qurulmuş qarşılıqlı əlaqə rayon ərazisində kriminogen vəziyyətə effektiv nəzarətin təmin edilməsinə, onun səviyyəsinin təhlükəsiz hədlərdə saxlanılmasına  imkan vermişdir. Bu baxımdan rayon prokurorluğu tərəfindən bir çox ağır, mürəkkəb və çox epizodlu, böyük ictimai rezonansa səbəb olan cinayət işlərinin ibtidai araşdırılması yüksək peşəkarlıqla aparılmaqla onlardan bəziləri üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Həmin işlərə misal olaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Astara şəhər sakini Dadaşov Xəlil Fərhad oğlunun şəxsi münasibətlər zəminində yaşlı və əlil atası Dadaşov Fərhad Xəlil oğlunu qəsdən öldürməsinə dair rayon prokurorluğunda istintaq olunmuş cinayət işini, dövlət və bələdiyyə mülkiyyətinə qarşı yönəlmiş və s. cinayət işlərinin yüksək keyfiyyətlə istintaq olunaraq təqsirkar şəxslərin ifşa edilməsi, cinayət məsuliyyətinə alınması və məhkəmə qarşısına çıxarılmasını misal göstərmək olar.
– Rayonumuzda daha çox rast gəlinən cinayətlər və ümumiyyətlə,  ərazidə mövcud kriminogen durum haqqında nə deyə bilərsiniz?
– Respublikamızın digər rayonlarında olduğu kimi Astara rayonunda da kriminogen  durum sabit vəziyyətdədir. Bununla belə rayonumuzun İran İslam Respublikası ilə sərhəddə yerləşməsi ilə əlaqədar  ayrı-ayrı neqativ hallar və kriminogen duruma təsir göstərən cinayətlər barədə məlumat vermək istərdim. Rayonun yerləşdiyi ərazi xüsusilə narkotik vasitələrin  və psixotrop maddələrin qanunsuz dövriyyəsi, dövlət sərhədini qanunsuz keçmə, qaçaqmalçılıq, dini ekstremizm təzahürlərinin digər hüquq mühafizə orqanları ilə birlikdə daim diqqətdə saxlanılmasını şərtləndirir. Bu baxımdan qeyd etmək istərdim ki, fəaliyyətim dövründə rayon ərazisində polis şöbəsi və rayon dövlət təhlükəsizlik xidməti şöbəsi ilə birgə aparılmış uğurlu tədbirlər nəticəsində külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər barədə operativ məlumatlar olsa da,  bir müddət məsuliyyətə cəlb edilməsi müəyyən çətinliklər yaradan ayrı-ayrı şəxslər yüksək peşəkarlıqla keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində ifşa olunmuşdur. Hazırda rayon prokurorluğunu narahat edən məsələlərdən biri cəmiyyəti içdən məhv edən bəla hesab olunan narkomaniyadır. Narkomaniyaya düçar olmuş şəxslər nəinki öz sağlamlıqlarını, şəxsi həyatlarını, cəmiyyətə faydalı fərd kimi özlərinə yer tapmaq cəhdlərini itirir, həmçinin, öz yaxınlarının, ailə və cəmiyyətin digər üzvlərinin də bundan ziyan çəkməsinə səbəb olurlar. Narkomaniyanın cəmiyyətə ən böyük zərəri digər cinayətlərin törədilməsinə şərait yaratmasındadır. Qeyd etmək istərdim ki, bütün bəşəriyyətin bəlası hesab olunan narkomaniyaya qarşı mübarizə, təkcə dövlət və hüquq-mühafizə orqanlarının deyil, vətəndaşların da insanlıq borcudur.
Vətəndaşların kifayət qədər məlumata malik olmaması, bəzi hallarda isə açıq aşkar özlərinin və qohumlarının təhlükəsizliyinə səhlənkar yanaşaraq qaz boğulması, partlayış, yanğın hallarının əvvəlki illərdə  baş verməsi ciddi narahatlıq doğurur. Qarşıdan payız-qış mövsümünün gəlməsi ilə əlaqədar belə halların qarşının alınmasına diqqətin artırılması xüsusilə vacibdir. Bu sahədə maarifləndirici və təbliğat işlərinin, təkcə prokurorluq və mövcud elektrik, qaz təchizatı üzrə ixtisaslaşmış qurumların deyil, digər orqanların da yaxından iştirak etməsini arzulayıram. Onu da qeyd etmək istərdim ki, bu hadisələrin sayı son zamanlar azalmaqdadır.
Müasir dövrdə insanların intihar etməklə həyatlarına son qoymaları qlobal miqyasda ciddi narahatçılıq doğuran problemlərdən biridir. Hər bir intihar hadisəsi cəmiyyətdə ciddi rezonans doğurmaqla, narahatçılığa səbəb olduğuna görə bu hadisələrin araşdırılması dövlət orqanlarının, o cümlədən prokurorluq orqanlarının ciddi nəzarətində olmuşdur. Dövlətimiz tərəfindən iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirilmiş çoxsaylı tədbirlərə baxmayaraq, bütün dünya ölkələrində olduğu kimi, respublikamızda da insanların intihar edərək, öz həyatlarına qəsd etmələri halları hələ də baş verir.
Belə hadisələrin baş vermə səbəblərinin aydınlaşdırılıb qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi sosioloqların, tibb işçilərinin, hüquq-mühafizə orqanlarının, xüsusən də, prokurorluq orqanlarının əməkdaşlarının qarşısında duran əsas vəzifələrdən biridir. İnsanların çox vaxt iqtisadi problemlərə görə intihar etdiyi bildirilsə də, sosioloji problemlər, cəmiyyət üzləri arasında olan psixoloji gərginliklər də bu cür hadisələrin baş verməsinə birbaşa təsir edir. Bundan başqa, təcrübə onu göstərir ki, intihar hadisələrinin əksər hissəsi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin payına düşür. Sevindirici haldır ki, rayonumuzda özünü öldürmə və özünü öldürməyə cəhd cinayətləri ilə bağlı azalma tendensiyası müşahidə edilməkdədir. Belə ki, 2013-cü ildə bu növ cinayətlərin törədilmə sayı 13 olduğu halda, cari ildə həmin növ cinayətlərin sayı 3-dür.
Bununla belə, qeyd etmək lazımdır ki, özünü öldürmə böyük faciədir. Bu cinayətin törədilməsi zərərçəkmiş şəxsə fiziki iztirab verdiyi halda, onun ailə üzvləri və yaxınlarına uzun müddət davam edən neqativ psixi təsir göstərir.
– Hörmətli Qabil müəllim, rayon prokurorluğunun gələcək fəaliyyəti ilə bağlı planlar nədən ibarətdir?
– Astara rayon prokuroru kimi əminlikdə söyləyirəm ki, rayon prokurorluğunun kollektivi hər zaman olduğu kimi bundan sonra da rayon ərazisində qanunçuluğun təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq  və hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı surətdə müdafiə olunması işinə, həmçinin rəhbərliyin əməkdaşlarımız qarşısında qoyduğu vəzifələrin icrasına öz layiqli töhfəsini verəcəkdir.
Rayon prokurorluğunun kollektivi öz vəzifələrini, xalq, dövlət və rayon sakinləri qarşısında öz məsuliyyətini dərindən dərk etməklə, rayon ərazisində fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin demokratik dəyərlər əsasında dinamik inkişafına istiqamətləndirilmiş tədbirlərinin həyata keçirilməsində, ölkəmizdə aparılan yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmətlərini göstərəcək, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcək, korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artıraraq bununla bağlı profilaktiki fəaliyyətini  daha da gücləndirəcəkdir.
Astara rayonu hazırda özünün ən yüksək dinamik inkişaf mərhələsini yaşayır. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşkilatçılığı və yaxından köməkliyi ilə  rayonun müxtəlif yaşayış məntəqələrinə, xüsusən dağ kəndlərinə gedən yolların yenidən qurularaq asfaltlaşdırılması, Xəzər dənizi sahilində yaraşıqlı park-bulvarın istifadəyə verilməsi, bulvar ərazisinin genişləndirilməsi və digər geniş abadlıq və quruculuq işləri  əhalidə ruh yüksəkliyi yaradır. Dəfələrlə şəxsən özüm Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə yerlərdə vətəndaşlarla görüşərkən şəxsən yol tikintisi ilə bağlı vətəndaşların sevincinin və illərlə həll olunmayan sosial məişət məsələlərinin həllini necə qürur hissi ilə həm ağsaqqallar, həm ziyalı, həm də sadə vətəndaşlar tərəfindən qeyd olunmasının şahidi olmuşam.
Respublika rəhbərliyinin rayonumuza olan diqqəti hər bir astaralı kimi bizi də ürəkdən sevindirir. 2 sentyabr 2017-ci il tarixdə cənub bölgəsinə baş tutmuş səfəri çərçivəsində cənab Prezident İlham Əliyev 2018-ci ildə istifadəyə verilməsi gözlənilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran-Masallı və Masallı-Cəlilabad hissəsinin açılışında iştirak etmiş və öz çıxışında iqtisadi və sosial əhəmiyyəti ilə seçilən bu layihənin həyata keçirilməsinin bölgədə turizmin və kənd təsərrüfatının inkişafına da öz töhfəsini verəcəyini, layihənin icrasının şimaldan cənuba doğru və əks istiqamətdə yükdaşımaların həcmini artıracağını, Şimal-Cənub dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsinə hərtərəfli şərait yaradacağını bildirmişdir.
Prokurorluq orqanlarında çalışan və çalışmış bütün şəxsləri peşə bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, onların hər birinə uzun ömür can sağlığı, şəxsi həyatlarında və xidməti fəaliyyətlərində uğur, bol enerji və daim zirvədə olmağı arzulayıram.
Astarainfo.az
Müsahibəni apardı Fəridə Söhrabqızı