Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyitərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən APA-ya verilən məlumata görə, Nazirliyin Aviasiya dəstəsinin “Ka-32A” helikopteri turistlərin axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

13.25

Fövqəladə Hallar Nazirliyi Şamaxıda əcnəbilərin köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından  daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında xarici vətəndaşların olduğu 2 ədəd “Nissan” markalı avtomobil çətin keçilən dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

 

FHN-in Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.

***

12.43

Bu gün 06:48 radələrində ABŞ-ın 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüşü və bir qara rəngli “Nissan Patrol” markalı avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

ARDDA-nın Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 zəng mərkəzinə ötürülüb.

Hal-hazırda mümkün vasitələrlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.