Avropa Voleybol Konfederasiyası qadınlardan ibarət yığmaların yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda keçirilən Avropa çempionatının yekununa əsasən müəyyənləşən cədvəl millimiz üçün uğurlu alınıb.
Belə ki, yarışda 4-cü yeri tutan Faiq Qarayevin yetirmələri 1 pillə yüksəlməklə, 15-ci yerə qalxıb. Komandamız reytinq xalını 200-ə çatdırıb. Yığmamız Avro-2017-də aktivinə 94 xal əlavə edib.
Siyahıya Bakıda Avropa çempionu tituluna yiyələnən Serbiya başçılıq edir. Qızıl medal qazanmaqla, xallarının sayını 290-a çatdıran balkanlılar Rusiyanı qabaqlayıblar. 1/4 finalda Türkiyəyə uduzan şimal qonşularımız serblərdən 8 xal geri qalır. Ruslar kimi yarımfinala yüksələ bilməyən İtaliya voleybolçuları (280 xal) isə 3-cü pillədəki yerlərini qoruyublar.
Bakıda finalda Serbiyaya uduzan Hollandiya 3 pillə irəliləməklə, 4-cü yerə qalxıb. Onlar 278 xala malikdilər. 3-cü yer uğrunda matçda Azərbaycana qalib gələn Türkiyə isə 276 xalla 5-cidi.
Siyahıda ən çox irəliləyən Gürcüstan millisi olub. Onlar qrup mərhələsində “ilişsələr” də, həlledici oyunlara qatıldıqları üçün 7 rəqibi qabaqlayıblar. Gürcülər 28-ci yerə qalxıblar.
Qeyd edək ki, 48 ölkənin yer aldığı siyahıda Ermənistan milli yoxdu.