Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli şəxsiyyətləri və ictimai xadimlərinin ev və xatirə muzeylərinin yeni veb- saytlarının təqdimatı keçirilib.
İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şıxəmmədov, Baş İdarənin rəisi Vüqar Zeynalov və digər rəhbər işçilər, Bakı şəhər muzey və kitabxanaların direktorları və media nümayəndələri iştirak ediblər.
İdarənin tabeçiliyində olan N. Nərimanovun xatirə muzeyi, M. S. Ordubadinin xatirə muzeyi, C. Məmmədquluzadənin ev muzeyi, Ə. Əzimzadənin ev muzeyi və C. Cabbarlının ev muzeylərinin rəsmi internet saytları yenilənərək istifadəyə verilib. Saytlar 3 ay ərzində yeni dizayn və son texnologiyaları dəstəkləyən sistemlə hazırlanıb.
Tədbirdə qeyd olunub ki, informasiya texnologiyalarının sürətli inkişafını və istifadəçilərin çox hissəsinin mobil telefonla veb saytlara daxil olduğunu nəzərə alaraq, saytlar üçün ayrı-ayrılıqda mobil sayt versiyası hazırlanıb, 5 saytın hər biri “Google” axtarış sisteminə uyğun olaraq tam adapdatsiya olunaraq optimallaşdırılıb.