“Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizə” layihəsi çərçivəsində təsis olunan Məişət zorakılığı ilə bağlı Məlumat Bankının təqdimatı olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan bankın “online” fəaliyyəti barədə məlumat verilib.
“Zorakılıq dünyanın ən mühüm problemlərindən biridir. Xüsusən də məişət zorakılığı öz aktuallığı ilə seçilir. Bu məsələ Azərbaycan cəmiyyətini də narahat edir. Artıq “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları” təsdiq edilib. Məişət zorakılığının qarşısının alınması istiqamətində məlumat bankının yaradılmasının bir sıra müsbət cəhətləri var”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova səsləndirib. Bildirib ki, məişət zorakılığı ilə bağlı məlumat bankına yığılan məlumatların təhlili göstərir ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar. Ona görə də xüsusilə, kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi, sosial həyatda iştirakı daha da gücləndirilməlidir.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə Əhali Fondunun baş müşaviri Fərid Babayev isə region ölkələrində belə bir məlumat bankının olmadığını qeyd edib. Onun sözlərinə görə, məlumat bankının olması məişət zorakılığından əziyyət çəkən insanların dinamikasını izləməyə imkan yaratmaqla, bu sahədə həyata keçirilən tədbirlərin nə qədər səmərəli olduğunu qiymətləndirməyə yardım edəcək.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredis isə bildirib ki, dünyada hər 3 qadından biri zorakılığa məruz qalır. Bu baxımdan məlumat bankının yaradılması məişət zorakılığının qarşısının alınması istiqamətində atılan mühüm addımdır. Tədbirdə Məlumat Bankının təqdimatı da keçirilib. Bankın “online” fəaliyyəti barədə məlumat verilib./itv.az/